Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-390/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 17 sentyabr 2003-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən vətəndaş Şəxs 03 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və D.Əliyeva küçələrinin kəsişməsində “KİA SERATO” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildən “Samsung A 21 S” markalı mobil telefonu oğurlamaqla Zərərçəkmiş şəxs 365 (üç yüz altmış beş) manat dəyərində maddi ziyan vurmuş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə rəisi R.M.Aslanov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 03 yanvar 2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Nəsimi RPİ-nə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə D.Əliyeva küçələrinin kəsişməsində özünə məxsus “Kia Serato” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarını açıq qoyaraq tantuni almağa getdiyini, təxminən 3-4 dəqiqə sonra geri qayıtdıqda özünə məxsus hazırki dəyəri 300 (üç yüz) manat olan “Samsung A21 S” markalı **********53690 və **********53696 İmei kodlu mobil telefonunun və avtomobildə arxa oturacaqda olan 65 manat dəyərində olan qolsuz gödəkçəsinində olmadığını naməlum şəxs tərəfindən oğurlandığını bildirmiş, vətəndaşın müraciəti əsasında araşdırılma aparılmış, lakin hadisənin cinayət hadisəsi olmadığı müəyyən edildiyindən, müvafiq olaraq 13 yanvar 2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və qərarların surəti Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Nəsimi RPİ-nin 22-ci PŞ-nə göndərilmişdir. Bundan sonra oğurluq hadisəsini törətmiş şəxsin Şəxs olduğu müəyyən edilmiş və bu səbəbdən də, sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Nəsimi RPİ-nin Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə rəisi R.M.Aslanov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Şəxs 31 yanvar 2022-ci il tarixdə, saat 10:00-da saxlanılaraq 22-ci PŞ-nə gətirilmiş və sonuncu tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilməmişdir və buna görə də, sonuncu Şəxs şikayətçidir. Həmçinin Nəsimi RPİ-nin Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə rəisi R.M.Aslanov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərində narkotik vasitə tapıldığından o, şübhəli şəxs qismində saxlanılmış, lakin üzərindən çıxan narkotikin miqdarı az olduğundan daha sonra sərbəst buraxılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, maddi ehtiyacı olduğu üçün bu əməli etmişdir. Oğurladığı mobil telefonu tanımadığı şəxsə 140 (bir yüz qırx) manata satmışdır. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcək. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməmişdir. Həmçinin bildirmişdir ki, o, 31 yanvar 2022-ci il tarixdə saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 365 (üç yüz altmış beş) manat miqdarında maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nə oğurladığı mobil telefonu geri qaytarmış, nə də vurulmuş zərəri ödəmişdir. Buna görə də, hal-hazırda sonuncudan şikayətçidir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, o, Vətən Müharibəsi iştirakçısıdır. X1 xatirə qalan əsgər və şəhid yoldaşlarının foto şəkilləri və videoları olmuşdur. Həmçinin o, Şəxs müraciət edərək telefonu satmamışdırsa ona verməsini xahiş etsədə, sonuncu telefonu tanımadığı şəxsə satdığını və hazırda harada olduğunu bilmədiyini söyləmişdir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, DVD diskdə olan görüntüləri və inzibati xəta haqqında işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməliyyat tədbirlərinin davam etdirilməsi, oğurluq etmiş şəxsin şəxsiyyətini və yerini müəyyən edilərək vətəndaşa dəymiş ziyanın ödənilməsi məsələsinin həlli üçün və əməli törətmiş şəxsin barəsində Azərbaycan Republikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Nəsimi RPİ-nin 22ci PŞ-nin aidiyyatı əməkdaşına verilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan DVD diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 03 yanvar 2022-ci il tarixində Şəxs ilk öncə tərəddüd edir, sonradan isə saxlanılmış vəziyyədə olan avtomobilin ön sağ qapısını açır, avtomobilin ön sağ hissəsinin içərisinə boylanaraq avtomobildən nə isə (smartfon telefonu) götürür və götürdüyü əşyaya baxa-baxa oradan dərhal uzaqlaşır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 31 yanvar 2022-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 03 (üç) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən, saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Müvəqqəti Saxlanılanların Məntəqəsinə və Nəsimi RPİ-nin 22-ci PŞ-nə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-390/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-390/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver