Məhkəmə qərarları › İş №3(006)-3903/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3903/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3903/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın nümayəndəsi X5 iştirakları ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 3, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin İ hissəsinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu məqsədlə “Əmək müqaviləsi bildirişi” altistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan və ya hüquqi qüvvəsi olmayan icbari sığorta müqavilələri üzrə işəgötürənlərə müvafiq xəbərdarlıq edilmişdir. Müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə “Əmək müqaviləsi bildirişi” altsisteminin müqayisəli təhlilləri nəticəsində müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı işçiləri, o cümlədən X3 ilə bağlı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamamışdır. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın nümayəndəsi X8 izahatında göstərmişdir ki, işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması üçün Müdafiə Nazirliyi ilə "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixdə icbari sığorta müqaviləsi bağlanılmış, bununla bağlı ödənişlər də olunmuşdur. Onlar icbari sığorta müqaviləsini elektron informasiya sistemə yerləşdirilməli idi. Lakin sistemdə yaranmış müvəqqəti texniki problemlə əlaqədar müqavilə elektron sistemə yerləşdirilməmişdir. Bunu sübut edən məktubu da təqdim etmişlər. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, QAL-00024196 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, bu müqavilə bir tərəfdən “Sığortaçı” adlanacaq "xxxx" ASC ilə, digər tərəfdən “Sığortalı” adlanacaq Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış, müqavilənin xx.xx.2022-ci il tarixli PR-04 saylı prolonqasiyasına əsasən nazirlik üzrə əmək müqaviləsi əsasında işə cəlb edilmiş 15.375 işçi icbari sığorta olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 0330-23 saylı məktubunda qeyd olunur ki, "xxxx" ASC ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı arasında imzalanmış QAL-00024196 nömrəli xx.xx.2018-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə və həmin müqavilənin xx.xx.2022-ci il tarixli PR-04 saylı prolonqasiyasına əsasən bu hospitalın işçisi X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü tarixə qədər sığorta təminatındadır. Eyni zamanda yuxarıda qeyd olunan müqavilə tərəflər arasında bağlanarkən İSB-nin elektron informasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən müqavilənin həmin sistemə inteqrasiyası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 8/2116 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyi ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 02025271-22 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmış və bu müqavilə ilə mütəmadi olaraq Müdafiə Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada icbari sığorta haqqı "xxxx" ASC-nin hesabına köçürülür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin İ hissəsinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla), məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla), istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular, təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4.0-cı maddəsinə müvafiq olaraq bu Qanuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, dövlət orqanları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, seçkili orqanlar və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Beləliklə məhkəmədə müəyyən olunur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli, QAL-00024196 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmış və bu müqavilə ilə mərkəzləşmiş qaydada icbari sığorta haqqı ödənilmişdir. Bununla da belə nəticəyə gəlinir ki, inzibati xəta hadisəsi yoxdur. Bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar