Məhkəmə qərarları › İş №3(006)-3906/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3906/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3906/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu 20-ci polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X1 Zərər çəkmiş şəxs: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2002-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Ekspress Ucuzluq” geyim mağazasında paltar dəyişmə otağında X4 məxsus şalvarın cibindən 114 manat pul oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə inspektoru X5 izahatında göstərdi ki, X2 şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 21:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Ekspress Ucuzluq” geyim mağazasında paltar dəyişmə otağında ona məxsus şalvarın cibindən 114 manat pul naməlum şəxs tərəfindən oğurlanmışdır. Faktla bağlı əməldə cinayət tərkibi olmadığından 27 avqust 2024-cü il tarixdə cinayət işinin başlanılması rədd olunmuşdur. Daha sonra bu əməli törədən şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Vurulmuş zərər ödənilməmişdir. Həmçinin, Şəxs cari ilin may ayında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri üzrə məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda onun barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri üzrə cinayət işi var. Göründüyü kimi Şəxs islah olunmayaraq eyni əməlləri törətməkdə davam edir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 21:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Ekspress Ucuzluq” geyim mağazasında paltar dəyişmə otağında asılmış onun şalvarının cibindən 114 manat pul naməlum şəxs tərəfindən oğurlanmışdır. Bununla bağlı o, polisə müraciət etmişdir. Ona vurulmuş zərər ödənilmədiyindən Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 21:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Ekspress Ucuzluq” geyim mağazasında paltar dəyişmə otağından şalvarın cibindən ehtiyacı olduğu üçün 114 manat pul oğurlamışdır. Maddi vəziyyəti yaxşı olmadığından vurulmuş zərəri ödəyə bilmir. Ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumata əsasən Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2024-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə təqsirli bilinərək ona 240 saat ictimai işlər növündə tənbeh tətbiq edilmişdir. Daha sonra həmin Məhkəmənin 08 may 2024-cü il tarixli qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə həmin Məcəllənin 227-ci maddəsi ilə barəsində 01 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin, onun barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri üzrə cinayət işi var. Məhkəmə onun tərəfindən eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 sentyabr 2024-cü il tarixdə, saat 14:00-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 12 sentyabr 2024-cü il tarixdə, saat 14:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar