Məhkəmə qərarları › İş №3(006)-3908/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3908/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3908/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1, zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" marketdən 30 manat dəyərində “Sierra tequila” adlı içkini oğurlayaraq, xırda talama inzibati xətasını törətmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" marketdən “Sierra tequila” adlı içkini oğurlayaraq, zərər çəkmiş şəxsə 30 manat dəyərində maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 04:00 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx" marketdən siqaret almaq qərarına gəlmiş, marketə daxil olmuş və “Sierra tequila” adlı spirtli içkini şalvarının arxa sol cibinə qoyaraq ödəniş etmədən həmin ünvandan uzaqlaşmışdır. İçkili olduğundan həmin içkinin ödənişini etməyi unutmuşdur. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş hüquqi şəxs "xxxx" MMnin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Şəxs ilə barışmışlar, onlara dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və maddi tələbləri yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Nəsimi rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş hüquqi şəxsə dəymiş maddi zərər ödənilmiş, Şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan diskin məhkəmə iclasında nümayişi zamanı Şəxs "xxxx" marketdən oğurluq etdiyi öz təsdiqini tapmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar