Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-391/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin sahə rəisi X1 iştirakları ilə xx.xx.1972-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13-14 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs özünü inzibati xəta üzrə təqsirli bilərək verdiyi izahatında göstərdi ki, o, Aydın Çolak ilə 11 ildir ki, evlidir və onların iki azyaşlı uşaqları vardır. Zərərçəkmiş şəxs 3 ildir ki, tanıyır. Belə ki, onların uşaqları birlikdə “Anadolu” liseyində oxuyur. 3 ay müddətdir ki, Aydının onu Nərgiz ilə aldatdığından şübhələnməyə başlamışdır. Buna səbəb isə Aydının vaxtını onunla keçirmək əvəzinə Nərgiz ilə birgə yeni iş yerinin açılışını qeyd etməsi və demək olar ki, vaxtının çoxunu iş yerində və başqa yerlərdə keçirməsi, hətta evə gəlməməsi olmuşdur. Nərgiz onların yaşadığı mənzilə gedib-gəlməyə başladıqdan sonra Aydının Nərgizlə münasibətinin yarandığını hiss etmişdir. O, Aydından Nərgizlə münasibətini kəsməsini istəmiş, ancaq Aydın ona sərt etiraz edərək Nərgizlə olan münasibətini kəsməyəcəyini bildirmiş və uşaqlarının yanında onunla mübahisə etmişdir. xx.xx.2020-ci il tarixdə, saat 13-14 radələrində, o, Aydının Nərgiz ilə birlikdə olduğunu şübhələndiyindən Nərgizin Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 93 saylı ünvandakı evinə getmişdir. Evin qapısı açıq vəziyyətdə olduğundan o, içəriyə daxil olmuş və həmin an Aydının Nərgizlə yataq otağında nəsə söhbət etdiklərini, Aydının yataq otağındakı çarpayının üzərində oturduğunu, Nərgizin isə onun qarşısında dayandığını görmüşdür. O, dərhal yataq otağına daxil olaraq Aydını itələmişdir. Onun içəri daxil olduğunu görən Nərgiz isə qaçaraq hamam otağına girmiş, o da onun arxasınca qaçaraq hamam otağına daxil olmuş və Nərgizi vurmağa başlamışdır. Daha sonra isə oranı tərk edərək yaşadığı evə getmişdir. Hadisə zamanı o, özü heç bir xəsarət almamışdır. Nərgizin onun barəsində DİN-in 102 xidmətinə şikayət etdiyini isə sonradan bilmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs 3 ildir ki, tanıyır. Onların uşaqları birlikdə “Anadolu” liseyində oxuyur. Pandemiya ilə əlaqədar tətbiq edilmiş karantin dövründə, yəni 2020-ci ilin mart ayından iyul ayınadək olan müddətdə Sevincə və uşağına çox kömək etmiş, hətta evinin açarını belə ona vermişdir. O, Sevincin əri Aydına yeni qurduğu işində menecer kimi köməklik etmişdir. Lakin Sevinc heç bir əsas və səbəb olmadan onu əri Aydına qısqanmışdır. Bundan sonra Sevincin onunla münasibəti pozulmuş və onunla düşmənçilik etməyə başlamışdır. Hətta 2020-ci ilin sentyabr ayında onu təhqir etdiyinə görə Sevinc cərimə olunmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 13-14 radələrində o, anasının yaşadığı evdən çıxaraq öz yaşadığı evə getmişdir. Bir neçə dəqiqə sonra isə Sevinc onun yaşadığı evə gələrək onunla mübahisə etməyə başlamış, daha sonra isə onu döymüşdür. Həmin vaxt evdə onların ikisindən başqa onun oğlu Batuhan da olmuşdur. O, Sevincə ondan DİN-in 102 xidmətinə şikayət edəcəyini bildirdikdə, Sevinc onun evinə tərk edərək getmişdir. Bundan sonra isə o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Aralarındakı mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Hal-hazırda Şəxs ilə barışmamışdır, onun qanunauyğun şəkildə ən ağır şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin sahə rəisi X3 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng vuraraq, tanıdığı Sevinc adlı şəxs tərəfindən yaşadığı ünvan 2 saylı ünvanda ona xəsarət yetirildiyini bildirmiş, Şəxs da qarşılıqlı olaraq DİN-in 102 xidmətinə müraciət edərək, Türk vətəndaşı olan Aydın Çolak və onun tanışı Nərgiz tərəfindən döyülməsi səbəbi ilə özünü müdafiə etmək üçün həmin şəxsləri döyməsini bildirmişdir. Verilmiş müraciətlə əlaqədar DİN-in 102 xidmətindən daxil olmuş məlumat Nəsimi Rayon Polis idarəsinin 21-ci Polis Bölməsində “Cinayətlər haqqında ərizə və məlumatların uçotu kitabı”nda HK-1/995 və 1004 sıra nömrələri ilə qeydə alınmışdır. Bölmənin təhqiqatçısı İlkin Nəbizadə tərəfindən faktla bağlı təhqiqat aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Çolak Aydın Ökeş oğlu verdiyi izahatında bildirmişdir ki, artıq 11 ildir Şəxs ilə evlidir və onların iki azyaşlı uşaqları vardır. Son 6 aydır ki, Sevinc onu başqa qadınla aldatmaqda günahlandırır. O, Sevincdən bu cür fikirlərindən əl çəkməsini istəsə də, Sevinc yenə də onu günahlandıraraq uşaqlarının yanında onunla mübahisə etmişdir. 3 il əvvəl 10 yaşlı oğlu Hüseyn ilə birgə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Anadolu” liseyində eyni sinifdə oxuyan Batuhan adlı şagirdin anası Nərgizlə tanış olmuş və onunla ailəvi dost olmuşlar. Sonradan Nərgiz ona yeni açdığı kafenin təmizlik və reklam işlərində köməklik etmişdir. Lakin Sevinc onu qısqanaraq Nərgizlə düşmənçilik münasibəti saxlamağa başlamışdır. Halbuki Sevincin özünü bu formada aparımasına heç bir tutarlı əsas olmamışdır. Hadisə günü o, evdən çıxaraq getmiş və təxminən 20 dəqiqə sonra Nərgiz ona zəng vuraraq Sevincin onun evinə gəldiyini, onu bıçaqla öldürəcəyi barədə hədələdiyini, həmçinin onunla dava etdiyini və hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat verdiyini söyləmişdir. İşdə olan Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin təhqiqatçısı İlkin Nəbizadə tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şəxs ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2020-ci il tarixli, 875 saylı rəyinə əsasən 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər sağ yanaq və sağ körpücüküstü nahiyələrin sıyrıqları, boyun nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin insan bədəni hissələrinin (əl, əl barmaqları, dırnaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, proses iştirakçılarının izahatları, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını və himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini, işin yüngülləşdirici hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №3(006)-391/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-391/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver