Məhkəmə qərarları › İş №3(006)-3910/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3910/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3910/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Tərcüməçi: X1 Şikayətçi: X2 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində 09 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və 22 avqust 2024-cü il tarixdə qəbul edilmiş qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.500 manat cərimə olunmuşdur. O, həmin qərarı 04 sentyabr 2024-cü il tarixdə qəbul etmişdir. Qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Belə ki, onun “Baraşka Gastrobar” restoranında kondisionerin istismarı zamanı icazə verilən səs-küy səviyyəsinin aşılması faktı barədə aktın tərtib edilməsi üçün 05 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməli olduğu barədə məktubu 04 avqust 2024-cü il tarixdə almışdır. O, 05 avqust 2024-cü il tarixdə bu aktla razılaşmadığını bildirmiş, ona görə ki, yoxlama onun iştirakı olmadan aparılmış, o, nə yoxlama barədə, nə də ki, bu yoxlamanın nəticələri barədə bildiriş almamış, şahidləri görməmiş və onlarla razılaşmadığı halda etiraz edə bilməmiş, pozuntuların aradan qaldırılması üçün ona vaxt verilməmişdir. Yoxlama yalnız ona görə aparılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qonşulardan biri – Bakı şəhəri, Nizami küçəsi, ev 83, mənzil 09-da yaşayan Yaqub adlı şəxs tərəfindən dəfələrlə şikayət edilmişdir. Yaqubun ümumi tanışlarına dediyi kimi sonuncu onu Rusiya Federasiyasının vətəndaşı olduğuna görə nalayiq ifadələrlə təhqir etmişdir. Yaqubla yazışmalarında sonuncu ona qarşı heç bir şikayətinin olmadığını bildirmiş, lakin məlum olmuşdur ki, Yaqub tez-tez 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şikayətlər yazır. Onun övladları Azərbaycan dilini öyrənir, Azərbaycanda dövlət məktəbində oxuyur, azərbaycanlı uşaqlarla ünsiyyətdə olur və o, əmindir ki, o, yalnız milli və ya digər zəmində heç kimin ona pis rəftar etməyəcəyi bir ölkəni seçmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qeyd olunan inzibati xətaya dair hər hansı sübut olmadan, onun izahatı alınmadan barəsində əsassız qərar qəbul edilmişdir. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclası qərarından şikayət verilən orqanın məhkəmə elektron poçt vasitəsilə göndərdiyi müraciəti əsasında təxirə salınsa da, bugünki məhkəmə prosesinə bu orqanın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən ünvan 1 ünvanda “Baraşka Gastrobar” iaşə obyektinin fəaliyyəti zamanı ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy səviyyəsi yol verilə bilən hədd normasından artıq olduğuna görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli bilinərək 2.500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xəta haqqında işə barəsində inzibati İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar (49.2-ci maddəsi); • Xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin iştirakı, habelə tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ təmin olunmadan zəruri araşdırma aparılmamış, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar