Məhkəmə qərarları › İş №3(006)-3911/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3911/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3911/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, Bakı şəhəri BPİ-nin X7 İdarəsinin 26 noyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ-nin X7 İdarəsinin 26 noyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, “Toyota Carolla” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.05.2021-ci il tarixində ona etibar edilmişdir. 26.11.2021-ci il tarixində onun “ASAN ödəniş” kabinetinə həmin avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsində (20 Yanvar dairəsi) dayanma qaydalarını pozduğuna görə EQ ******* nömrəli protokol tərtib olunması ilə bağlı məlumat daxil olmuşdur. Bildirir ki, o, həmin avtomobillə qeyd etdiyi tarixdə Gəncə şəhərində olmuş, elektron protokol barədə məlumat aldıqdan sonra araşdırma üçün Gəncə şəhər Yol Polisi İdarəsinə getmiş, orada protokolla tanış olan zaman protokola əlavə edilən şəkillərdən ona məlum olmuşdur ki, protokol tərtib olunmalı olan avtomobil “Opel” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Protokolu tərtib edən polis əməkdaşı səhvə yol verdiyi üçün cərimə ona tətbiq edilmişdir. Bununla bağlı 01.12.2021-ci il tarixində “ASAN ödəniş” kabinetindən protokoldan inzibati xəta haqqında protokola əlavə olunmuş fotoşəkildən də açıq aydın görünür ki, inzibati xətanı törətmiş sürücünün avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı **-CY-***-dür. Həmin qeydiyyat nişanı olan avtomobil ona aid deyil. Ona aid olan avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı **-CY-***-dür. Həmçinin xəta törədən avtomobil “Opel” markalı ona məxsus avtomobil isə “Toyota” markalıdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs səhvə yol vermişdir və buna görə də onun barəsində tərtib edilmiş dərhal ləğv edilməlidir. Bu məzmunlu elektron şikayət etmiş, lakin şikayətindən artıq təxminən 15 günə yaxın müddət keçməsinə baxmayaraq hələ də baxılıb cavab gəlməmişdir. Həmin avtomobilin üzərində cərimə olmadan başqa bir şəxsə etibar edilməsi zərurəti yarandığına görə inzibati xəta haqqında EQ ******* nömrəli əsassız protokolun ləğv olunması barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.F.Məhərrəmov ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi N.V.Ələkbərzadə bildirmişdir ki, hazırda şikayətçinin ərizəsində göstərdiyi halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Göstərilənləri nəzərə alaraq, inzibati xətanın yenidən araşdırılaraq obyektiv qərar qəbul edilməsi üçün işin Bakı şəhəri BPİ DYPİ-nə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Bakı şəhəri BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan 26 noyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında tənbeh vermə haqqında görünür ki, R.F.Məhərrəmov həmin tarixdə R.Cəfərov küçəsində “Toyota Corolla” minik markalı, **-CY-*** nömrəli avtomobillə dayanma qaydalarını pozmuş bununla da, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan elektron kabinetdən çıxarışdan olan foto-şəkildən görünür ki, EQ ******* saylı inzibati xəta haqqında tənbeh vermə haqqında qərar üzrə “Opel” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli elektron şikayətdən görünür ki, R.F.Məhərrəmov EQ ******* saylı inzibati xəta haqqında tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, R.F.Məhərrəmov 26 noyabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” minik markalı, **- CY-*** nömrəli avtomobillə R.Cəfərov küçəsində dayanma qaydalarını pozmuş, buna görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra R.F.Məhərrəmov barəsində tərtib edilmiş protokola “Asanpay” ödəniş sistemindən baxmış və 26 noyabr 2021-ci il tarixdə R.Cəfərov küçəsində saxlanılmış avtomobilin onun aid olmamasını, avtomobilin markasının “Opel” dövlət qeydiyyat nişanının isə **-CY-*** olduğunu müəyyən etmişdir. Bununla bağlı 01 dekabr 2021-ci il tarixdə Bakı şəhəri BPİ-nin DYPİ-nə elektron şikayət ünvanlamışdır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri BPİ DYPİ-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən R.F.Məhərrəmov 26 noyabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” minik markalı, **-CY-*** nömrəli avtomobillə Gəncə şəhərində olduğunu və hər hansı dayanma qaydasını pozmadığını bildirmiş, qərarından şikayət verilmiş orqanın nümayəndəsi isə hazırda şikayətçinin ərizəsində göstərdiyi halları təkzib edən hansısa sübutu məhkəməyə təqdim edə bilmədiyi qeyd edərək, inzibati xətanın yenidən araşdırılıb obyektiv qərar qəbul edilməsi üçün işin Bakı şəhəri BPİ DYPİ-nə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri BPİ-nin X7 İdarəsinin 26 noyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri BPİ DYPİ-nin 26 noyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri BPİ DYPİ-nə göndərilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya sistemində R.F.Məhərrəmovun barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu 15 dekabr 2021-ci il tarixdən dayandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin 26 noyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə göndərilsin. Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin 26 noyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu 15 dekabr 2021-ci il tarixdən dayandırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar