Məhkəmə qərarları › İş №3(006)-3911/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3911/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3911/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X1 iştirakları ilə Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23466660 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi “Range Rover” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə hərəkət edərkən ürək nahiyəsində qəfil sancı və dərhal sonra halsızlıq səbəbindən idarə etdiyi avtomobili həmin küçədə yol kəsişməsindən sonra məcburiyyət qarşısında avtobus zolağında saxlayaraq dərman almaq üçün aptekə daxil olmuşdur. O, dərman alıb onu qəbul etdikdən sonra səhhəti normallaşmış, bir qədər gözlədikdən sonra avtobus zolağını tərk etmişdir. Lakin, buna baxmayaraq növbəti günü Baş X6 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsi üzrə cərimə edildiyi barədə EQ 23466660 saylı elektron qərarın qüvvəyə minməsinə dair mobil telefonuna məlumat daxil olmuşdur. Hesab edir ki, avtomobili park etmədən qəza işıqları işlək vəziyyətdə və sürücü nəqliyyat vasitəsinin içərisində və ya yanında olduğu halda, dayanma səbəbi yerində aydınlaşdırılmadan texniki qurğu vasitəsilə qeydə alınmış cərimə əsassız və qanunsuzdur. Ona görə də o, hər hansı inzibati xəta törətmədiyi üçün Baş X6 İdarəsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsi üzrə qəbul edilmiş 08 sentyabr 2024-cü il tarixli, EQ 23466660 saylı elektron qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23466660 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 18:55-də Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində idarə etdiyi “Range Rover” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda dayanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; • Baş X6 İdarəsinin müvafiq sistemindən əldə olunmuş fotoşəkillərdən aydın olur ki, “Range Rover” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə, saat 18:55-dən saat 18:58-dək Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda dayanmış və avtobusun hərəkətinə mane olmuşdur. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsi 5.9, 5.10.1- 5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Beləliklə müəyyən edilir ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 18:55-dən saat 18:58dək Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində idarə etdiyi “Range Rover” markalı, **- XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda dayandığına görə haqlı olaraq Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23466660 saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, X3 şikayətində hadisə günü səhhətində yaranmış problemlə əlaqədar idarə etdiyi avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda saxlamağa məcbur olduğunu və aptekdən dərman alıb qəbul etdikdən sonra hərəkətinə davam etdiyini göstərmişdir. Göründüyü kimi, R.Aslanov iddia etdiyi kimi aptekdən dərman alıb onu qəbul etdikdən qısa müddət sonra səhhətində yaranmış problem həll olunmuş və geriyə qayıdıb avtomobili idarə etmişdir. Bununla da aydın olur ki, onun səhhətində ciddi problem olmamış, əks təqdirdə o, təcili-tibbi yardıma və ya həkimə müraciət etməli idi və bu halda avtomobili idarə etməməli idi. Ancaq son belə zərurət halında X3 inzibati məsuliyyətdən azad oluna bilərdi. Lakin şikayətçi tərəfindən bu halları təsdiq edən dəlillər məhkəməyə təqdim oluna bilinməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Bu Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23466660 saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar