Məhkəmə qərarları › İş №3(006)-3912/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3912/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3912/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 inz/bina ünvanında qeydiyyatda olan və Zabrat qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin icra X2 tərtib etdiyi 15.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Bakı şəhəri 14 saylı Notariat Kontorunun 10278 saylı icra sənədinə əsasən borclu Şəxs 15910 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Lakin Borclu cəmi 5510 manat ödəniş etmiş, hər ay minimum 500 manat ödəniş etməyi öhdəsinə götürməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 10278 saylı icra sənədinə əsasən borclu Şəxs 15910 manat məbləğində pul vəsaiti tutulmalıdır, tərəflərindən borclu dəvət olunmuş və ona könüllü icra ilə bağlı bildiriş təqdim olunmuş, izahatı alınmışdır. Borclu hər ay 500 manat olmaqla müntəzəm ödəniş edəcəyinə dair iltizam yazmışdır. Lakin daha sonra borclu Şəxs ilə əlaqə saxlana bilməmiş, barəsində məcburi gətirmə tətbiq edilmiş və inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, borcundan 2 ay ödənişlər etmiş, daha sonra səhhətində yaranan problemlə bağlı 2 ay ödəniş edə bilməmişdir. Ayın sonuna kimi 3000 manat ödəniş edəcək, sonra isə hər ay 500 manat olmaqla borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X3 izahatında bildirmişdir ki, borclu Şəxs ilə dəfələrlə borcu ödəməsi ilə bağlı danışıqlar aparmış və borclu hər dəfə borcu ödəyəcəyinə dair söz verməsinə baxmayaraq vədinə əməl etməmişdir. O özü də pulu başqa şəxsdən borc almışdır və geri qaytarmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Bakı şəhəri 14 saylı Notariat Kontorunun 10278 saylı, 14.06.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 15910 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 16.06.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e147784/2021-5-37-003 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən verilmiş 10278 saylı, 14.06.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 15.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədi üzrə tələb borclu tərəfindən hazırki tarixədək tam təmin edilməmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən verilmiş 10278 saylı, 14.06.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar