Məhkəmə qərarları › İş №3(006)-3914/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3914/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3914/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 82, mənzil 07-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman ara məsafəsi saxlamayaraq qarşıda hərəkətdə olan, X2 idarə etdiyi “Hyundai Sonata” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Toyota Prius” markalı avtomobilin sərnişini X4 yüngül bədən xəsarətinin almasına səbəb olan yol-nəqliyyat hadisəsi törədilmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Elşən İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 08:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, H.Əliyev küçəsi ilə Tbilisi prospekti istiqamətində 30-40 km/saat sürətlə hərəkət edərkən qarşıda hərəkətdə olan “Hyundai Sonata” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən tormozlamışdır. Bu zaman avtomobillərin ara məsafəsi az olduğundan o, idarə etdiyi avtomobili saxlaya bilməmiş və qarşıdakı avtomobilə dəymişdir. Onun avtomobilində sərnişin kimi olan X1 ilə maraqlanmış, sonuncu isə heç bir xəsarətinin olmadığını bildirmişdir. Lakin, sonradan məlum olmuşdur ki, bu qadında xəsarətlər var. Zərər çəkmiş şəxs ondan şikayətçi deyil. Ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində baş vermişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1028 saylı rəyinə əsasən X4 bədənində aşkar edilmiş xəsarətlər – alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan iri ölçülü əzilmiş-cırılmış yarası xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; • 19.03.2016-cı il tarixli, AE seriyalı, 320413 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B, C» kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • X4 izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 08:33 radələrində yaşadığı evdən taksi sifarişi vermiş, bundan sonra “Toyota Prius” markalı, **- GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə əyləşmişdir. Bu maşınla Nəsimi rayonu, H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman qarşı tərəfdə onunla eyni istiqamətdə hərəkətdə olan “Hyundai Sonata” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. O, həmin vaxt arxa oturacaqda əyləşmiş və sifət nahiyəsi qabaq otucağa dəyməsi nəticəsində ağrılar hiss etmiş, lakin heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinə görə sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxsnın şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar