Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3920/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxs: "xxxx" MMC-in vəkili X1 iştirakları ilə "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi, ev 26A, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə tərtib olunmuş 13.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi, ev 26A-da yerləşən "xxxx" MMC-yə məxsus stomatoloji obyektdə 13.12.2021-ci il tarixdə, saat 16:45 radələrində aparılan planlı yoxlama zaman lisenziyada nəzərdə tutulmayan cərrahi stomatologiya xidməti həyata keçirilmiş və sertifikasiya keçməyən şəxs praktik tibb fəaliyyətinə buraxılmışdır. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin vəkili X3 izahatında göstərdi ki, "xxxx" MMC 29.04.2016-cı il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən özəl tibbi fəaliyyəti həyata keçirilməsi üçün lisenziya alaraq stomatoloji xidməti həyata keçirir. Lakin stomatologiyanın bir növü olan cərrahi stomatologiya xidməti üzrə də lisenziyanın alınmasından məlumatsız olmuşlar. Bundan əlavə şirkətin rəhbəri olan Özgür Emsen uzun müddət Türkiyədə olduğundan ona verilmiş əvvəlki sertifikatın müddəti bitmiş və o, həkim-stomatoloq kimi yeni sertifikasiyadan keçməyi unutmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 10.12.2021-ci il tarixli, KY211698056 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən "xxxx" MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına icazə verilir, yoxlamanın müddəti – 13-15 dekabr 2021-ci il; - 13.12.2021-ci il tarixli, 464 saylı “Plandankənar (növbədənkənar) yoxlama Aktı”nda aparılmış qeydə görə növbəti praktik tibb fəaliyyəti üçün sertifikatın vaxtının keçməsi və lisenziyadan kənar tibb fəaliyyətinin həyata keçirilməsi göstərilib. Bununla bağlı verilmiş izahatında Özgür Emsen vurğulayır ki, implant düzəldilməsi üçün xüsusi icazənin alınmasından məlumatsız olmuş, eyni zamanda sertifikatının müddətinin bitməsini Azərbaycanda olmaması ilə əlaqələndirir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə verilmiş 29.04.2016-cı il tarixli, İN/L-1099/2016 saylı lisenziyanın əlavəsinə əsasən şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 26A-da özəl tibb fəaliyyətinin ambulator tibb xidməti ilə bağlı görülməsinə icazə verilən işlərin siyahısına stomatologiya istiqaməti üzrə terapevtik və ortopedik stomatoloji, şüa diaqnostikası istiqaməti üzrə isə rentgenoloji fəaliyyətləri daxildir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalarnın tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə, 215.4-cü maddəsi isə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən stomatologiya üzrə göstərilən xidmətlərə uyğun görülən işlərə terapevtik, cərrahi, ortopedik və ortodontik stomatoloji, habelə diş texniki daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi, ev 26A-da yerləşən "xxxx" MMC-yə məxsus stomatoloji obyektdə 13.12.2021-ci il tarixdə, saat 16:45 radələrində lisenziyada nəzərdə tutulmayan cərrahi stomatoloji fəaliyyəti ilə məşğul olunub, habelə həkim Özgür Emsen sertifikasiya müddəti bitdikdən sonra sertifikasiyadan keçməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bununla bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində hüquqi şəxs üçün nəzərdə tutulmuş cərimənin məbləği eynidir (altı min manatdan səkkiz min manatadək). Beləliklə, məhkəmə Ellada-Denthouse LTD MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə müvafiq olaraq qeyd olunan maddələrdə nəzərdə tutulmuş sanksiya çərçivəsində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3920/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3920/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver