Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3924/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 400000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 izahatında bildirmişdir ki, Türkiyədə yerləşən “X3” Anonim Şirkəti ilə alqı-satqı müqaviləsi bağlamış, məbləği köçürmüşlər. Lakin 2 il ərzində nə mal gəlmişdir, nə də ki, pul geri qaytarılmışdır. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, ödənişin geri qaytarılmamasının səbəbi qarşı tərəfin öz öhdəliyini yerinə yetirməməsidir. Bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1823/2022 saylı qətnaməsi ilə “X3” Anonim Şirkətindən 400000 (dörd yüz min) ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 575 (beş yüz yetmiş beş) manatın Şəxs MMC-nin xeyrinə tutulması qət edilmişdir. Onların təqsiri səbəbindən xəta baş verməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan köçürmə sənədindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli 20/025 nömrəli müqavilə ilə, xx.xx.2020-ci il tarixli 043 saylı invoys üzrə xx.xx.2020-ci il tarixdə 400000.00 ABŞ dolları “X3” Anonim Şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2022ci il tarixli məlumata əsasən Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin xx.xx.2020-ci il tarixdə 400000,00 ABŞ dolları göndərildiyi qeyd olunmuşdur. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-1823/2022 saylı qətnaməsindən görünür ki, “X3” Anonim Şirkətindən 400000 (dörd yüz min) ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 575 (beş yüz yetmiş beş) manatın Şəxs MMC-nin xeyrinə tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə Türkiyədə yerləşən “X3” Anonim Şirkəti arasında xx.xx.2020-ci il tarixdə malların göndərilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə 400000,00 ABŞ dolları məbləğində vəsait “X3” Anonim Şirkətinin hesabına köçürülmüş, lakin həmin məbləğ dəyərində mallar Şəxs MMC-yə təhvil verilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq xidmət Şəxs MMC-dən asılı olmayan səbəblərdən yerinə yetirilmədiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3924/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3924/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver