Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3930/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, mənzil 113; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN deriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, “Bakı Dəmiryolu Vağzalı”nda fəaliyyət göstərən “Mİ” mağazası tərəfindən xx.xx.2022-ci il tarixdə istehsal qüsuru olan malın dəyişdirilmə və ya geri qaytarılma qaydaları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, “Bakı Dəmiryolu Vağzalı”nda fəaliyyət göstərən “Mİ” mağazası tərəfindən xx.xx.2022-ci il tarixdə istehsal qüsuru olan malın dəyişdirilmə və ya geri qaytarılma qaydaları pozulmuşdur. Belə ki, X1 xx.xx.2022-ci il tarixdə “Mİ” mağazasından “Bluetooth Speaker” cihazı almış, cihazda qüsur yarandığından cihaz servis mərkəzində müayinə edilmiş, istehsal qüsuru aşkar edilərək texniki rəy verilmişdir. X1 malın dəyişdirilməsi üçün mağazaya müraciət etsə də, bu barədə hər hansı bir tədbir görülməmişdir. Bununla bağlı malın zəmanət müddətinin göstərilmədiyini əsas gətirmişlər. Göstərilənlərə əsasən "xxxx" MMC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. - İş materiallarında olan X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli texniki rəyindən görünür ki, diaqnostikanın nəticələrinə görə “Mi portable bluetooth speaker.biack markalı 29690/**********91 İMEİ1 kodlu cihazda qüsur aşkarlanmışdır. Qüsur zavod qüsuru kimi təyin olunmuşdur. Cihazın dəyişilməsini servis mərkəzi təsdiq edir. İstehlakçı hüquqlarının qorunması haqqında qanuna uyğun olaraq, zəmanət müddəti məhsul təmir edildiyi müddətdə uzadılır. Yuxarıda göstərilən xidmətlər tam və vaxtında başa çatdırılır. - İş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 39 nömrəli cavab məktubundan görünür ki, vətəndaş Elsevər Hüseynovun şikayətinə baxılmış, qeyd edildiyi kimi “Bluetooth Speaker” cihazı xx.xx.2022-ci il tarixdə “Mİ” mağazalarından zəmanətsiz satılmışdır. Onlarda satılan məhsullara zəmanət verildikdə “Mi concept” servis mərkəzlərində qüsur rəyi verilir və təmin olunur. Lakin, Elsevər Hüseynova satılmış cihazın istehsal qüsurlu olması, kim tərəfindən və hansı zəmanət əsasında verildiyi məlum deyil. Elsevər Hüseynovun aldığı cihaz zəmanətsizdir və 7 (yeddi) ay istismardan sonra bu cihazın dəyişdirilməsinin qeyri mümkün olması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə -altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqısatqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyətli olmayan malı geri götürməyə və istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.57-ci bəndinə əsasən satıcı lazımi keyfiyyətdə olmayan malı istehlakçıdan almağa, zəruri hallarda isə malın keyfiyyətini yoxlamağa borcludur. Malın keyfiyyəti yoxlanılarkən, istehlakçının şəxsən və ya nümayəndəsinin iştirak etmək hüququ vardır. Həmin Qaydaların 5.58-ci maddəsinə əsasən malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, “Bakı Dəmiryolu Vağzalı”nda fəaliyyət göstərən “Mİ” mağazası Elsevər Hüseynov tərəfindən həmin mağazadan alınmış “Bluetooth Speaker” cihazını dəyişdirməli və ya geri qaytarmalı olduğu halda bunu etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3930/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3930/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver