Məhkəmə qərarları › İş №3(006)-3933/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3933/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3933/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Fizuli küçəsinin kəsişməsində “Bravo” marketdə xx.xx.2025-ci il tarixdə üzərində 1 kq-nın qiyməti 10 manat göstərilmiş, “Praga” adlı şokalad kassada 1 kq-ı 14,89 manatdan hesablanaraq satılmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət X2 protokolun məzmununa uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, Şəxs MMC tərəfindən verilmiş etiraz tamamilə əsassızdır. Belə ki, etirazda qeyd edilmiş xüsasatlar inzibati xəta tərkibinin olmadığını sübut etmir. Etirazda da etiraf edilmişdir ki, həqiqətəndə məhsul 10 manat qeyd edilsə də, 14.89 manata satılmışdır. Hər bir halda səbəbindən asılı olmayaraq istehlakçı hüquqları pozulmuşdur. Qeyd olunanların nəzərə alınaraq Şəxs MMC barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsi X3 məhkəməyə etiraz təqdim edərək Şəxs MMC barəsində 3(006)-3933/2025 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Şirkət barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə) göstərilən əməlin törədilməsinə görə xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda istinad edilən inzibati xətanın mahiyyətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 145, 28 Mall ünvanında yerləşən “Bravo” marketdə xx.xx.2025-ci il tarixdə “Praga” adlı şokoladın qiymət kağızında 1 kg-nın qiyməti 10 manat göstərilməsinə baxmayaraq, kassada 14,89 manata manata satılması qeyd olunmuşdur. İlk olaraq bildirmək istəyir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aldatma motivi və niyyəti mövcud olmalıdır. Əks halda sözügedən maddə əsasında Şirkətin inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur və əsassızdır. Aldatma niyyətinin müəyyən edilməsi ilə bağlı həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli Qərarında qeyd olunur: “...aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alqı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur.”. Hazırki məsələ ilə bağlı nəzərə çatdırır ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tətbiqi üçün imperativ şərt kimi müəyyən olunan aldatma niyyəti olmamışdır. İş materiallarında olan protokolda “Praga” adlı şokoladın qiymət kağızında 1 kg-nın qiyməti 10 manat göstərilməsinə baxmayaraq, kassada 14,89 satıldığı qeyd olunmuşdur. Bununla bağlı bildirmək istəyir ki, sözügedən məhsulun satış qiyməti əvvəlcədən kampaniya çərçivəsində endirimlə 10.00 manat olaraq təklif olunmuşdur. Lakin təchizatçı tərəfindən məhsulun alış qiymətinə edilən artım səbəbilə, sistemdə satış qiyməti avtomatik olaraq yenilənmiş və 14.89 manat olaraq əks olunmuşdur. Bununla belə, mağazada müştəri axınının və əməliyyatların sıxlığının yüksək olması səbəbilə vitrindəki fiziki qiymət etiketinin dəyişdirilməsi dərhal həyata keçirilə bilməmişdir. Nəticədə, müştəri məhsulu əvvəlki endirimli qiymətlə görmüş, lakin kassada yeni qiymətlə qarşılaşmışlar. Beləliklə, sözügedən məsələdə niyyət müştərini aldatmaq, pulunu mənimsəmək olmamışdır. Şirkətə məxsus mağazalarda müştəri müraciətləri ilə bağlı Müştəri Xidmətləri fəaliyyət göstərir və müştərilərin bütün narahatçılıqları ilə bağlı maraqlanılır və buna dair tədbirlər görülür. Mağazalarda müştərilərlə maraqlanan belə bir xidmətin olması bir daha təsdiq edir ki, Şirkətin məqsədi müştəriləri aldatmaq deyil, onların müraciətlərilə maraqlanaraq hazırki məsələyə oxşar halların qarşısının alınması və doğurdan da qiymət fərqi mövcud olduğu halda həmin fərqin müştəriyə ödənilərək narazılığın aradan qaldırılmasından ibarətdir. Belə olan halda, şirkətin mötəbər olmayan sübutlar “müştəri tərəfindən müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər əsasında 447.0.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması əsassız və qanunsuz olmaqla Şirkətin maddi və prosessual hüquqlarının pozuntusuna səbəb olacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin böyük məsləhətçisi X8 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Fizuli küçəsinin kəsişməsində “Bravo” marketdə xx.xx.2025-ci il tarixdə üzərində 1 kq-nın qiyməti 10 manat göstərilmiş, “Praga” adlı şokalad kassada 1 kq-ı 14,89 manatdan hesablanaraq satılmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; X6 xx.xx.2025-ci il tarixdə elektron poçt vasitəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanlanmış müraciətin məzmunundan görünür ki, “Bravo” marketlər şəbəkəsinin 28 mallda yerləşən marketindən alınan məhsulun qiymət kəskin fərq edir. Məhsulun üzərində 2.86 manat, çekdə isə 4.26 manat qeyd olunmuşdur; Şəxs MMC-yə məxsus “Bravo” marketin çekindən görünür ki, “Praga” adlı şokalad məhsulunun üzərində olan çekdə qiymət 2.86 manat qeyd edilmiş, lakin ödəniş çekində isə 4.26 manat qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 447.0.1-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında xx.xx.1995-ci il tarixli 1113 nömrəli Qanununun 18.0.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını ehtiva edir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Fizuli küçəsinin kəsişməsində “Bravo” marketdə xx.xx.2025-ci il tarixdə üzərində 1 kq-nın qiyməti 10 manat göstərilmiş, “Praga” adlı şokalad kassada 1 kq-ı 14,89 manatdan hesablanaraq satılmış, bununla da, Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə istehlakçının hüquqları pozulmuşdur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar