Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3941/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-də sürücü peşəsində işləyir. Fəaliyyəti Bakı metropoliteninin və eskalatorların qüsursuz xidmət göstərməsi üçün zəruri olan təmir və tikinti materiallarını verilmiş tapşırıqlar üzrə metropoliteninin stansiyalarına gecikdirmədən çatdırmaqdan ibarətdir. Bakı Metropoliteni Bakı şəhərində əhalinin sərnişin daşımalarına olan tələbatını vaxtında, tam və keyfiyyətlə ödəmək məqsədilə fəaliyyət göstərir və şəhər nəqliyyat sisteminin əsasını təşkil edir. 08 may 2025-ci il tarixdə verilmiş tapşırıq üzrə müvafiq yol vərəqəsi əsasında verilmiş tapşırıq üzrə Bakı Metropoliteninin “28 may” stansiyasının ikinci çıxışının eskalatorların fəaliyyətinin dayanmasının qarşısının alınması üçün zəruri olan təmir materiallarını yük markalı nəqliyyat vasitəsilə Bakı Metropoliteninin “28 may” stansiyasının ikinci çıxışının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili 16 ünvanına çatdırılmaqla funksional tapşırığı yerinə yetirmişdir. Həmin vaxt ərazidə digər parklanma yerləri boş olmadığından nəqliyyat vasitəsindən təmir materiallarının boşaldılması üçün nəqliyyat vasitəsi cəmi 5 (beş) dəqiqəlik müddətdə digər 3 (üç) avtomobil yeri boş olan “Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerində” parkladığı və parklanmaya görə ödəniş etmədiyi üçün AR İXM-nin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi hesab edilərək 60 (altmış) manat cərimə edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən inzibati tənbeh vermə haqqında AYN ******* nömrəli xx.xx.2025-ci il tarixli elektron qərar çıxarılmışdır. Həmçinin fotoşəkil həmin günü səhər çəkilmişdir. Sözügedən inzibati tənbeh vermə haqqında qərar hesab edir ki, qanunsuz və ədalətsiz olduğuna görə ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, AYN ******* saylı qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 12:17:51-də Mikayıl Rəfili - 18585 ünvanında “QAZ 3302 288 Yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə – altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, şikayətçi X1 Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X3 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3941/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3941/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver