Məhkəmə qərarları › İş №3(006)-3943/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3943/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3943/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin Məhkəmənin 18 oktyabr 2022-ci il tarixli, 3(004)-5535/2022 saylı qərardadı ilə (Hakim: M.A.Məmmədov) şikayətçi E.Ə.Umudovun Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ polis kapitanı X1 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu guya İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 60 manat məbləğində cərimə etmişdir. Qərara əsasən o, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Audi” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin M.Zeynalabdiyev küçəsindən Dilarə Əliyeva küçəsinə çıxarkən guya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, 3.1 “Giriş qadağandır” yol nişanının təsir zonasına daxil olduğu üçün həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və 12 10.2022-ci il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, qeyd olunan nişanın təsir zonasında hərəkətdə olmamışdır. Qeyd olunan nişan 28 May küçəsi ilə M Zeynalabdiyev küçəsinin kəsişməsində yerləşir. Onun maşının isə daha öncədən Zeynalabdiyev küçəsində dayanıqlı vəziyyətdə olmuş və həmin küçənin Dilarə Əliyeva küçəsi tərəfdən olan hissəsindən hərəkətə başlamışdır. Həmin ərazi isə qeyd olunan nişanın təsir zonasına aid deyil. “Giriş qadağandır” nişanı yalnız 28 May küçəsindən M.Zeynalabdiyev küçəsinə girişi qadağan edir. O, isə 28 May küçəsindən M.Zeynalabdiyev küçəsinə giriş etməmişdir. Qeyd olunan ərazidə TŞ kameraları, eyni zamanda Bakı Nəqliyyat Agentliyinin kameraları da mövcuddur və o, YPX əməkdaşına qeyd olunan kameralara baxış keçirməsini xahiş etdikdə, qeyd olunan görüntülərin lazım olduğu təqdirdə məhkəməyə təqdim ediləcəyini bildirdi. Ona sadəcə YPX avtomobilində quraşdırılmış kamera vasitəsi ilə çəkilmiş görüntülər təqdim olundu. Həmin görüntülərdə onun yalnız M.Zeynalabdiyev küçəsindən D.Əliyeva küçəsinə çıxdığı görünür. Onun 28 may küçəsindən M.Zeynalabdiyev küçəsinə girişini göstərən və sübut edən heç bir görüntü təqdim olunmamışdır və təqdim olunmasıda mümkün deyildir. Çünki o, M.Zeynalabdiyev küçəsinə 28 May küçəsindən giriş etməmişdir. Həmçinin bildirmişdir ki, YPX əməkdaşı polis kapitanı R.N.Nağıyev onu saxlayarkən YPX avtomobilində tək olmuş və bu isə YPX əməkdaşı tərəfindən qanun pozuntusuna yol verildiyinin aşkar sübutudur. Göstərilənləri nəzərə alaraq Bakı Şəhəri DYPİ-nin polis kapitanı R.N.Nağıyevin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.Ə.Umudov məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, onun barəsində 19 avqust 2022-ci il tarixdə, saat 19:21 radələrində DYPİ-nin polis kapitanı R.N.Nağıyev tərəfindən İXP ******* nömrəli əsassız protokol tərtib edilmiş, o dərhal həmin protokoldan şikayət verərək həmin protokolun ləğv edilməsini və ərazidə olan bütün kamera görüntülərinə baxılmasını tələb etmişdir. Onun şikayətinə PBdə bir ay keçdikdən sonra baxılmışdır. Daha sonra, o, Bakı Şəhər Baş X6 İdarəsinin X6 İdarəsinə dəvət edilmiş, orada ona hadisə ilə bağlı heç bir sübut və videogörüntü təqdim edilməmişdir. Ona sadəcə olaraq YPX-nin xidməti avtomobilində olan görüntü təqdim edilmişdir. Həmin görüntü sübut növü ola bilməz, belə ki, YPX-nin xidməti avtomobili D.Əliyeva küçəsi ilə hərəkətdə olmuş, “Giriş qadağandır” nişanı həmin küçədə deyil 28 May küçəsində quraşdırılmışdır. O, polis əməkdaşlarından hadisə ilə bağlı videogörüntülərini istədikdə polis əməkdaşları ona bir aydan artıq vaxt keçdiyini və həmin görüntülərin silindiyini və lazım gələrsə həmin görüntüləri yalnız məhkəməyə tədqim edəcəklərini bildirmişdir. Həmçinin, ona TŞ3-145 markalı kamera və ərazidəki BNA kameralarının həmin tarix və vaxtda olan görüntülərinin ona təqdim edilməsini, polis əməkdaşı ilə onun arasında olan danışıqların, YPX-nin xidməti avtomobilinin daxilində və xaricində olan kamera görüntüləri və səs yazısı, izahat üçün çağırıldığı zaman polis əməkdaşı ilə aralarında olan söhbətin ona təqdim edilməsini və polis əməkdaşı tərəfindən araşdırma aparıldığı zaman qeyd edilən hansısa görüntüyə baxılıb-baxılmaması barədə əgər baxılıbsa niyə baxmadığı haqqında izahat və də onun şikayətinə niyə 15-30 gündən artıq müddət keçdikdən sonra baxdıqları haqqında izahat verilməsinin təmin edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı Şəhər BPİ-nin DYPİ-nin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir (xx.xx.2022-ci il tarixli reyesterin 15 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı Şəhər BPİ-nin DYPİ-nin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Bakı Şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.Ə.Umudov 19 avqust 2022-ci il tarixdə, saat 20:35-də ünvan 1 ünvanında “AUDİ Q-5” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı Şəhəri DYPİ-nin polis kapitanı R.N.Nağıyev tərəfindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Şəhər BPİ-nin DYPİ-nin E.Ə.Umudova ünvanladığı 26 sentyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə onun idarə etdiyi “Audi” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin M.Zeynalabdiyev küşəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq 3.1 “Giriş qadağandır” yol nişanının təsir zonasına daxil olduğu üçün həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozması patrul avtomobilində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış vıdeogörüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Törətdiyi inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, E.Ə.Umudov xx.xx.2022-ci il tarixdə, saat 20:35 radələrində ünvan 1 ünvanında “AUDİ Q-5” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq 3.1 “Giriş qadağandır” yol nişanının təsir dairəsinə daxil olması aşkar edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, E.Ə.Umudovun barəsində Bakı Şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, E.Ə.Umudov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta hadisənin olmaması araşdırılmamış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli, № Q25-001-17 saylı qərarı nəzərə alınmamış və şikayətçi tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq baş vermiş inzibati xəta hadisəsi ilə bağlı Bakı Şəhər BPİ-nin DYPİ tərəfindən videogörüntüləri nə şikayətçiyə nə də məhkəmə iclasına təqdim edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli, № Q25-001-17 saylı qərarının 6.8-ci maddəsinə əsasən gündüz vaxtı şəhərdaxili post və marşrutlara 1 nəfərdən ibarət piyada, moto və ya avtopatrul naryadı təyin edilə bilər. Şəhərkənarı yollarda, stasionar postlarda və sutkanın qaranlıq vaxtında xidmət aparılması üçün təyin olunan naryadın tərkibi iki nəfərdən az olmamalıdır. Sutkanın qaranlıq vaxtında patrul avtomobillərində xidmətin aparılması zamanı sayrışan işıqlar işlək vəziyyətdə olmalıdır. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı Şəhər Baş Dövlət Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar