Məhkəmə qərarları › İş №3(006)-3944/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3944/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3944/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru – X2, Müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi Selenium plaza 21 MTK-da məxsus ərazidə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq, xuliqanlıq edərək qanunsuz tikinti işləri aparmış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru – X6 izahatında göstərdi ki, xidmət apardığı 3-cü Alatava ərazisində "xxxx" MTK-nın 5 ha ərazisi var. Həmin ərazidə vətəndaş Şəxs tərəfindən qanunsuz tikinti işləri aparılmış, bu barədə "xxxx" MTK-nın rəhbərliyi tərəfindən şöbəyə şikayət ərizəsi daxil olmuş, həmin ərazinin sahə inspektoru olaraq həmin ünvanda olmuş, həqiqətən də "xxxx" MTK-nın ərazisində bu şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılmasının şahidi olmuşdur. Şəxs ilə profilaktik söhbətlər aparan zaman onların tələblərinə məhəl qoymamış, söyüşlərlə danışmış, qanunsuz tikintinin söküntüsü zamanı polis əməkdaşlarının tələblərini yerinə yetirməmişdir. Bundan sonra şöbəyə dəvət olunmuş, şöbənin həyətində də qarşı tərəfin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsindəki göstərmişdir ki, sahə inspektorunun dediklərinin hamısı yalandır. Həmin tikinti aparılan yer atası və əmisinin yeri olmuşdur. Atası həmin yeri əvvəlki sahibindən pul verərək almışdır. Həmin yerdə əvvəlcə taxtadan köşk tikmiş, sonradan həmin taxta köşkü plastikdən yığdırmışlar. Həmin köşk 1997-ci ildən fəaliyyət göstərir. Hal hazırda həmin plastikə günəş düşdüyünə görə əyildiyindən onu daşla tikmək qərarına gəlmişlər. Şikayət əsasında həmin yerə X9 əməkdaşları gəlmişdir. Həmin vaxtı heç kimə nalayiq söz deyilməmişdir. Əksinə onun ünvanında indiki yer sahibi olan R.Əliyev telefonda söyüş söydüyündən ona cavab qaytarmışdır. Himayəsində iki azyaşlı uşağının olduğunu, ailənin yeganə çalışan şəxsi olduğunu bildirərək icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 ifadəsindəki göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunsuz tikili aparıbsa, bu birbaşa təhqiqatçının səlahiyyətidir. Sahə müvəkkilinin bununla bağlı araşdırma aparmağa səlahiyyəti yoxdur. Şəxs barəsində tərtib olunmuş protokolu əsassız hesab edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raporta əsasən, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində vətəndaş X4 müraciəti əsasında toplanmış material üzrə izahat verməsi üçün Tərlan Nağıyev PŞ-nə dəvət edilmiş, oğlu Şəxs 20-ci PŞ-nə gələrək özbaşınalıq etmiş qanuni tələblərə tabe olmayaraq uca səslə vətəndaş R.Əliyevin ünvanına nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmuş, dəfələrlə atası Tərlan Nağıyevi PŞ-nə araşdırmaya dəvət etməklərinə baxmayaraq gəlib mübahisə yaradaraq iş rejimini pozmuş, eləcə də Nəsimi rayonu, 3-cü Alatava küçəsində Selenium plaza 21 MTK-ya məxsus ərazidə qanunsuz zəbt etmə ilə özbaşına tikinti işləri apararaq polisini qanuni tələbinə tabe olmamışdır. Qanunsuz olaraq göstərdiyi fəaliyyətə və zəbt etməyə özbaşına tikintiyə dair əməllərinə haqq qazandırmağa çalışmışdır. “İnzibati qaydada tutma haqqında” 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 16 sentyabr 2024-cü il tarixdə, saat 19:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə protokol və inzibati materialda olan digər sənədləri (raport, izahatlar) araşdırıb hesab edir ki, 16 sentyabr 2024-cü il tarixdə Şəxs ictimai qaydanı pozan hərəkətlər etmiş, bununla da, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, məhkəmə iclasında aydın olur ki, Şəxs 16 sentyabr 2024-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində "xxxx" MTK-ya məxsus ərazidə qanunsuz zəbt etmə ilə özbaşına tikinti işləri apararaq polisini qanuni tələbinə tabe olmamışdır. Lakin Şəxs tərəfindən polis işçisinin hansı qanuni tələbinə tabesizlik nümayiş etdirməsi, bu tələbin konkret olaraq nədən ibarət olması, eyni zamanda tabesizliyin nədə ifadə olunması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nağıyev X5 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs barəsində həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən saat 19:30-dan hesablanmalı, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 53, 105, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 04 (dörd) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 19:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatı üçün cəmi 48 (qırx səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Bürosunun hesabına köçürülsün Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar