Məhkəmə qərarları › İş №3(006)-3949/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3949/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3949/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə Şəxs (bundan sonra Şəxs MMC) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, ev 230; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 339.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon DYPŞ-nin polis mayoru X5 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, “X10 HFC 1037D3KSF” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi daxili müqaviləyə əsasən Şəxs MMCyə verilmiş, lakin Şəxs MMC daxili müqaviləni və etibarnaməni dövlət qeydiyyatından keçirməmiş, bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, cəmiyyət barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin maddənin dispoziyasında iki pozuntunun, yəni nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının olduğu görünür. Həmin pozuntunların heç biri mövcud deyildir. Belə ki, “X10 HFC 1037D3KSF” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alınmış, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçirilmişdir. Həmin avtomobilin idarə edilməsi yol vərəqəsi əsasında cəmiyyətin işçisi X1 verilmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə və ya əlavə sübutlarla təsdiq edilmir. Blə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, həmin protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 339.1-ci maddəsinə əsasən aşağıdakı əməllərin törədilməsi həmin maddəyə əsasən inzibati xəta hesab edilir: - Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə görə; - və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə; - yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə; - və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmasına görə. Protokolda sadəcə İXM-nin həmin maddəsi göstərilməklə, həmin maddədə nəzərdə tutulan hansı tələblərinin pozulduğu göstərilmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “X10 HFC 1037D3KSF” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən alınmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X10 HFC 1037D3KSF” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan əmək müqaviləsindən surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Şəxs MMC-də Təsərrüfat və Reklam şöbəsinə sürücü kimi işə qəbul edilmişdir. İş materiallarında olan minik avtomobili üçün yol vərəqəsindən görünür ki, “X10 HFC 1037D3KSF” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək X1 idarə edilməsi üçün verilmişdir. Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmədə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “X10 HFC 1037D3KSF” minik markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən alınmışdır. Daha sonra həmin avtomobilə xx.xx.2023-cü il tarixdə qeydiyyat şəhadətnaməsi alınmışdır. xx.xx.2019-cu il tarixdə Şəxs MMC ilə X3 arasında bağlanmış əmək müqaviləsinə əsasən X4 və Reklam şöbəsinə sürücü kimi işə qəbul edilmişdir. Adı çəkilən avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək minik avtomobili üçün yol vərəqəsinə əsasən X1 idarə edilməsi üçün verilmişdir. İş materiallarından əlavə edilmiş sənədlərdən göründüyü kimi, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar