Məhkəmə qərarları › İş №3(006)-3956/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3956/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3956/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 iştirakları ilə, xx.xx.1989-cu ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Ə.Əzimzadə küçəsi, ev 19 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair 22 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 22 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində yerləşən “Möhtəşəm məkan” retoranının qarşısında nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X6 izahat verərək göstərdi ki, 22.12.2021-ci il tarixdə Şəxs Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində yerləşən “Möhtəşəm məkan” retoranının qarşısında sərxoş vəziyyətdə X4 ilə aralarında mübahisə etmişlər və həmin vaxt ictimai qaydanı pozaraq ətrafdakı şəxslərin qarşısında nalayiq ifadələr işlətmişdir. Hadisə barədə məlumat aldıqdan sonra Nəsimi RPİnin 19-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Mənsur Ağayev və Rüstəm Quluzadə onlara yaxınlaşaraq ictimai qaydanı pozmamağa dəvət etsə də, həmin şəxslər polis əməkdaşlarına nalayiq ifadələr işlətmişlər. Bundan sonra Şəxs və X7 RPİ-nin 19-cu Polis Şöbəsinə dəvət edilmələrinə baxmayaraq gəlmək istəməmişlər, lakin sonradan polis əməkdaşlarının səyi nəticəsində onlar şöbəyə gətirilmişdirlər. Həmin şəxslər şöbədə də öz xuliqanlıq hərəkətlərini davam etdirmişlər. Şöbədə Şəxs və Nicat Şükürovun şəxsiyyəti müəyyənləşdirildikdən sonra inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 22.12.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində yerləşən “Möhtəşəm məkan” retoranının qarşısında sərxoş vəziyyətdə X4 ilə aralarında mübahisə yaranmış və onlar bir-birlərinə nalayiq ifadələr işlədərək səs-küy salmışlar. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş, lakin onlar yaranan mübahisənin öz aralarında həll olunacağını bildirərək, polis şöbəsinə getməkdən imtina etmişlər. Buna baxmayaraq, polis əməkdaşları israrla onların polis şöbəsinə aparılacağını bildirərək polis avtomobilinə mindirərək polis şöbəsinə aparmışlar. Polis şöbəsində bir müddət qaldıqdan sonra içkinin təsirindən ayılmış, etdiyi hərəkətlərdən peşman olmuş və onlardan üzr istəmişdir. Daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda etdiyi əməldən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində cərimə tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X1 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 22.12.2021-ci il tarixdə digər polis əməkdaşları ilə xidməti vəzifələrini yerinə yetirərkən iki nəfər şəxsin ictimai qaydanı pozaraq, içkili vəziyyətdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində yerləşən “Möhtəşəm məkan” retoranının qarşısında bir-birlərinə qarşı nalayiq ifadələr işlətdiyi haqqında məlumat almışlar. Hadisə barədə məlumat aldıqdan sonra o və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Rüstəm Quluzadə ilə birlikdə həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etməklə ictimai qaydanı pozmamağa dəvət etsə də, həmin şəxslər onlara nalayiq ifadələr işlətmişlər və polis şöbəsinə getməkdən imtina etmişlər. Bundan sonra Şəxs və X7 RPİ-nin 19-cu Polis Şöbəsinə gətirilmiş, lakin həmin şəxslər şöbədə də öz hərəkətlərini davam etdirmişlər. Bundan sonra hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 22.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 22 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 22 dekabr 2021-ci il tarixdə, saat 00:30-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsaslanmaqla Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq ona 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 22 dekabr 2021-ci il tarixdən, saat 00:30dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar