Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3956/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Zərər çəkmiş şəxs: X3 iştirakları ilə xx.xx.1999-cu ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağcabədi şəhəri, Ə.Muxtarov küçəsi, ev 25-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:30 radələrində idarə etdiyi «MERCEDES-BENZ C240 MİNİK» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsinə çatdıqda işıqforun qırmızı işığında hərəkət edərək R.Behbudov küçəsi ilə hərəkət edən «KİA OPTİMA MİNİK» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobili idarə edən X1 zərər vurmayan xəsarətlər, sərnişin Zərərçəkmiş şəxs isə yüngül dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, 04:30 radələrində idarə etdiyi «KİA OPTİMA MİNİK» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsinə çatdıqda işıqforun qırmızı işığında hərəkət edən «MERCEDES- BENZ C240 MİNİK» markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə dəymiş, nəticədə o, və avtomobilində əyləşən sərnişin Zərərçəkmiş şəxs bədən xəsarətləri almışlar. «MERCEDES-BENZ C240 MİNİK» markalı avtomobilin sürücüsü Şəxs onlara heç bir yardım göstərməmiş, hətta xəstəxana xərclərini belə ödəməmişdir. Avtomobilin xərclərini sığorta şirkəti öz üzərinə götürsə də, hələ də dəymiş zərər ödənilməmişdir. Şəxs ən ağır tənbehin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və digər zərər çəkmiş şəxs gəlməmiş gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində baş vermişdir; - 07.06.2019-cu il tarixli, AE seriyalı, 924988 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Nəsimi rayon şöbəsinin: 31.08.2022-ci il tarixli, 1098 saylı rəyinə əsasən X3 bədənində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin arxa səthinin və sol bazunun sıyrıqları, döş qəfəsinin arxa səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X6 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur; 09.09.2022-ci il tarixli, 1097 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ bud çanaq oynağı və sağ sağrı nahiyələrinin bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sağ saidin, sağ budun, sağ baldırın qançırları, hər iki diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X6 müraciət etdiyi qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ və İİ hissələrinə görə svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3956/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3956/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver