Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3970/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Şikayətçi: X1 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru tərəfindən qəbul edilmiş qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Lakin o, həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməmişdir. O, xx.xx.2021-ci il tarixdə Nəsimi rayonu, Füzuli küçəsi, “Qış parkı”nda yerləşən “50 qəpiklik” çay evində kuryer vəzifəsində çalışmışdır. O, işdə olan zaman parkda istirahət edən və onun tanımadığı bir neçə şəxs bir yerə toplaşıb öz aralarında söhbət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X2 onların iş yerində heç bir qanun pozuntusu aşkar edə bilmədiyi üçün həmin adamların toplaşmasını bəhanə gətirərək onu polis bölməsinə aparmış və qanunsuz olaraq ona heç bir aidiyyəti olmayan işə görə barəsində protokol tərtib etmişdir. Onun nə işlədiyi çayxanaya, nə də ki, “Qış parkı”na nəzarət etməklə bağlı heç bir vəzifəsi yoxdur. Kiminsə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmasına görə o, məsuliyyət daşımır. Ona görə da qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, bu barədə ona sübut təqdim olunmamışdır. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 həmin günü, saat 23:00 radələrində Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “50 qəpiklik” çay evində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri qaydalarını pozmuşdur; • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 3(006)- 268/2021 saylı qərarına əsasən X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında qərar səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmiş və güman edilən inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən baxılan həmin Məcəllənin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərin dairəsi göstərilmiş və orada Məcəllənin 211.1-ci maddəsi də əks olunmuşdur. Lakin, buna baxmayaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi qanunvericiliyin tələblərinə zidd olaraq səlahiyyətlərinə aid edilməmiş inzibati xəta haqqında işə baxaraq müvafiq qərar qəbul etmişdir. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Bu Məcəllənin 135.1.5-2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3970/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3970/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver