Məhkəmə qərarları › İş №3(006)-3979/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3979/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3979/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin inspektoru X2 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan Şəxs barəsində Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində idarə etdiyi **- TD-*** dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə hərəkət edərkən yol patrul xidməti polis əməkdaşı tərəfindən saxlanılmışdır. O, saxlanıldığı zaman patrul əməkdaşı ona özünü təqdim etmədən kobud formada ondan sənədlərini istəmişdir. Ona qarşı edilmiş kobudluq səbəbindən sənədlərini təqdim etməmiş və patrul əməkdaına öz etirazını bildirmişdir. Lakin yol patrul əməkdaşı əraziyə digər çevik polis alayı əməkdaşlarını çağırmış və onun polis şöbəsinə aparılmasını istəmişdir. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə getmişlər. Polis şöbəsində izahatını vermiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Onun tərəfindən heç bir inzibati xəta törədilməmiş, sadəcə olaraq polis əməkdaşı ilə onun arasında inzibati xəta kimi qiymətləndirilməli olmayacaq dərəcədə mübahisə yaşanmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin inspektoru X3 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində Şəxs Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində xidmət aparan yol patrul əməkdaşları ilə mübahisə edib onların qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Hadisə yerində olan yol patrul əməkdaşları onu sakitləşməyə və sənədlərini təqdim etməyini istəsələr də, həmin şəxs polisin qanuni tələblərinə tabe olmayaraq mübahisə etməyə davam etmişdir. Bu səbəbdən polis əməkdaşları Şəxs saxlayaraq Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirmişlər və tərəfindən bununla bağlı müvafiq sənədləşdirmə işləri aparılaraq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Bpi-nin X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci ildə, saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində xidmət aparan zaman **-TD-*** dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulması aşkar edildiyindən saxlanılmışdır. Sürücüyə yaxınlaşdıqdan sonra sənədlərini təqdim etməsi tələb edilsə də, şəxsiyyəti sonradan ona məlum olan Şəxs sənədlərini təqdim etməkdən imtina etmişdir. O, Şəxs bir neçə dəfə sənədlərini təqdim etməsini istəsə də, müsbət nəticə əldə olunmamışdır. Şəxs sənədlərini təqdim etməyəcəyini və polis şöbəsinə gedərək “çay içmək istədyini” bildirərək kobud hərəkətlərini davam etdirmişdir. Bundan sonra, ərazi üzrə çevik polis əməkdaşlarını çağırmış və onlarla birlikdə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gəlmişlər. Şöbədə Şəxs şəxsiyyəti tam olaraq məlum olduqdan sonra barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs polis əməkdaşının hansı qanuni tələblərinə tabe olmaması məhkəmə iclası zamanı müəyyən edilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilməmişdir. Belə ki, polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə heç bir tabesizlik göstərməyib bölməyə getmişdir. Buna görə də onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 25 oktyabr 2022-ci il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olmadığından sonuncu barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar