Məhkəmə qərarları › İş №3(006)-3989/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3989/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3989/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs MMC-nin qanuni təmsilçisi X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(057)-1191/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs MMC-nin qanuni təmsilçisi X1 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və tələbkar məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə 02 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Şəxs MMC-nin qanuni təmsilçisi X2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, icra vərəqi ilə 30 iyun 2025-ci ildə tanış olmuşam, icra məmuru icra sənədinin könüllü icrası üçün 10 gün müddət vermişdir. Həmin 10 gün bitməmiş, yəni icra sənədi ilə tanış olmağının 3-cü günündə icra məmuru məhkəməyə protokol tərtib etmişdir. Hazırki iş üzrə icra məmuru Vüqar Qaralov tərəfindən verilən əsassız protokol rədd edilməlidir. Hazırda başında olan vəzlərin (şiş) əməliyyatını keçirtmiş və xəstə olaraq Salyan rayonunda müalicə alır. İcra işinin aidiyyəti üzrə Salyan Rayon İcra və Probasiya şöbəsinə göndərilməsi üçün də poçtla Nəsimi RİPŞ-ə ərizə göndərmiş, onu Nəsimi rayonu ilə bağlayan heç bir əsas yoxdur. İcra məmurunun hazırki hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsini xahiş etmişdir. Beləliklə iş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol 02 iyul 2025-ci il tarixdə tərtib edilmiş, bununla da, icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin etməmiş, tələbin könüllü icrası barədə bildiriş borcluya verilən tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(057)-1191/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X2 tərəfindən qərəzli və ya üzrsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin qanuni təmsilçisi X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar