Məhkəmə qərarları › İş №3(006)-3992/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3992/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3992/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 462.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyinin barəsində İXM-nin 462.1-ci maddəsi ilə MN ******* nömrəli, 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməmiş və bununla da, mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermişdir. Bununla da Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyi İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, MN ******* nömrəli, 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək təmin edilməsini xahiş edir. İş materiallarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 22 aprel 2025-ci il tarixli 3-23/2-2577/2025 nömrəli bildirişindən görünür ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər Və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu məktubla yazılı xəbərdarlıq edilir. Yazılı xəbərdarlıqdan sonra maliyyə hesabatlarını 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməyən qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar (Maddə 462.1). “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2024-cü il üzrə illik maliyyə hesabatlarının Maliyyə Nazirliyinə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı (www.ght-Hesabat.maliyye.gov.az) vasitəsi ilə təqdim olunması xahiş olunmuşdur. İXM-nin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını qanunvericilikdə müyyən edilmiş müddətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmişdir. Bununla bağlı olaraq, həmin cəmiyyətdən illik maliyyə hesabatının Maliyyə Nazirliyinə təqdim edilməsi xahiş edilmiş, eyni zamanda maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdarlıq edilmişdir. Lakin Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyi tərəfindən müəyyən edilmiş vaxtda maliyyə hesabatları təqdim edilmədiyindən, iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə gəlmədiyindən və gəlməməsinin üzrlü səbəblərini bildirmədiyindən, barəsində inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməməsi Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirilməlidir. İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyinin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyi İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vətəndaş Cəmiyyəti Uğrunda X3 Birliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar