Məhkəmə qərarları › İş №3(006)-3995/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3995/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3995/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyinin vəkili Vəkil iştirakları ilə, “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyi barəsində Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. 25 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyi tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmiş və bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyinin vəkili Vəkil izahatında bildirmişdir ki, “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyinin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Yəni, 2024-cü il üzrə maliyyə əməliyyatları aparılmamışdır. Göstərilənlərə əsasən, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X4 protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyi barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 22 aprel 2025-ci il tarixli 3- 23/2577/2025 nömrəli bildirişindən görünür ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər Və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 29.4cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu məktubla yazılı xəbərdarlıq edilir. Yazılı xəbərdarlıqdan sonra maliyyə hesabatlarını 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməyən qeyrihökumət təşkilatları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar (Maddə 462.1). “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2024-cü il üzrə illik maliyyə hesabatlarının Maliyyə Nazirliyinə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı (www.ghtHesabat.maliyye.gov.az) vasitəsi ilə təqdim olunması xahiş olunmuşdur. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinə dair portaldan çıxarışdan görünür ki, “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyinin fəaliyyəti dayandırılmışdır. Beləliklə, məhkəmə birliyin fəaliyyətinin faktiki olaraq dayandırılmasını, 2024-cü il üzrə maliyyə əməliyyatlarının aparılmamasını, subyektiv təqsirin sübuta yetirilməməsini “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyinin əməlində inzibati xəta tərkibinin olmaması kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyinin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 25 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 462-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyinin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 25 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar