Məhkəmə qərarları › İş №3(006)-4/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Əbdülhəsənova Aytən Ələsgər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 598.7-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:30da, ünvan 1 ünvanında ƏL/TMM daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş və bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilməmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, protokol əsassız və qanunsuz tərtib edilmişdir. Belə ki, "xxxx" MMC faktiki olaraq mühasib, vergi məsləhəti və vergi hesabatlarının tərtibi sahəsində fəaliyyət ilə məşğul olmuş, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsində göstərilmiş əməliyyatların heç biri şirkət tərəfindən həyata keçirilməmişdir. Hazırda Şəxs əməlində inzibati xətanın əlamətləri yoxdur. Bundan başqa, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 01 mart 2023-cü il tarixdə qüvvəyə minmişdir. Baxmayaraq ki, vergi orqanı tərəfindən həmin Qanuna əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə 01 oktyabr 2021-ci il tarixdən 30 sentyabr 2024-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmış və nəticədə hazırda baxılan iş üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir, inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur.Qeyd olunanlara dair Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” 05 dekabr 2024-cü il tarixli **********680200 nömrəli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********187934 nömrəli Qərarına əsasən Bakı şəhəri Lokaİ Gəlirlər Baş İdarəsinin Vergi auditi dərəsinin Regionlar Üzrə 1-ci audit şöbəsinin dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttiş X1 tərəfindən "xxxx" MMC-də (VÖEN; **********) «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə xx.xx.2021-ci tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə səyyar yoxlama aparılmışdır. Yoxlama zamanı "xxxx" MMC tərəfindən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu, yəni "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən daxili nəzarət proqramının tam tətbiq edilmədiyi, məsul şəxsin təyin edilməsi barədə Maliyyə Monitorinq Xidmətinə məlumat verilmədiyi müəyyən edilərək 05 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə qeyd olunmalıdır ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsinin mənasına görə, bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların - Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata; maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə; maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə; maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla); maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata; maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə (598.1); Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə (598.4) - qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqısatqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Məhkəmə qeyd edir ki, ilk növbədə nəzərə alınmalıdır ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 01 fevral 2023-cü il tarixdə qüvvəyə minmişdir. Baxmayaraq ki, vergi orqanı tərəfindən həmin Qanuna əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə 01 oktyabr 2021-ci il tarixdən 30 sentyabr 2024-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmış və nəticədə hazırda baxılan iş üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir, inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsinin olmaması barədə İnzibati Xətalar Məcəlləsinin 11.3-cü maddəsinin tələbləri baxımından həmin Məcəllənin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilib-törədilməməsi məsələsi, bunda hüquqi şəxsin təqsirinin olub-olmaması yalnız 01 fevral 2023-cü il tarixdən 30 sentyabr 2024-cü il tarixədək olan dövr üçün yoxlanılmalıdır. Bundan başqa, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” 05 dekabr 2024-cü il tarixli **********680200 nömrəli aktından, "xxxx" MMC-nin işdə olan digər hüquq müəyyənedici sənədlərdən göründüyü kimi, "xxxx" MMC faktiki olaraq mühasib, vergi məsləhəti və vergi hesabatlarının tərtibi sahəsində fəaliyyət ilə məşğul olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir. Belə ki, Qanunun 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və İdarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Hansı ki, "xxxx" MMC-nin vergi ödəyiciləri ilə bağladığı müqavilələrdə istinad edilən” Qanunun 3.1.2-ci maddəsində dairəsi konkret göstərilən daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və İdarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarının aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakı ilə bağlı hər hansı vəzifə və öhdəlikləri nəzərdə tutulmamış, "xxxx" MMC xidmət göstərdiyi vergi ödəyicilərinin bu kimi əməliyyatlarının aparılmasında faktiki olaraq iştirak etməmişdir. İnzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmaması, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsi barədə İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələbləri baxımından isə nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokola, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən yuxarıda göstərilən qaydada inzibati xətaya yol verildiyini təsdiq və sübut edən müvafiq sübutlar əlavə edilməmiş, məhkəmə baxışı zamanı da təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən yol verildiyi hesab olunan xəta və onun əlamətləri İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin təsir dairəsinə düşmür, ona görə vəzifəli şəxsin həmin maddə ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata İsə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 598.7ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından 05 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar