Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4002/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 etibarnamə əsasında nümayəndəsi X4, qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının 19 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Mərkəzi Bankının 19 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 04 oktyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs X.M.Seyidliyə məxsus “Şaurma” restoranında istifadə olunacaq avadanlığın alışı ilə bağlı Azərbaycan Respublikasından kənara Yapı Kredit Bankın 28 may filialı vasitəsilə tərəflərindən 30.000 (otuz min) ABŞ dolları vəsait köçürülməsi nəticəsində alınan malın ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsinə görə (reallıq, işin faktiki halı tam fərqlidir- sənəd (müqavilə) əlavə olunub) AR Mərkəzi Bankı tərəfindən şəxs X.M.Seyidli barəsində ******* saylı protokol tərtib olunmuşdur. Protokolda fərdi sahibkar X.M.Seyidlinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. İnzibati tənbehə dair işə 19 oktyabr 2022-ci il tarixində Mərkəzi Bankda baxılsa da, X.M.Seyidli barəsində AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərini pozmaqla avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxs kimi inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizi faizi məbləğdə - 3000 (üç min) ABŞ dollarında məbləğində cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. Bildirmişdir ki, Yapı Kredit Bankın 28 may filialı vasitəsilə avadanlıq alışına tərəflərindən 30.000 (otuz min) ABŞ dolları vəsait köçürülmüşdür. Vəsait 2020-ci ilin sentyabr ayının 17-də bank hesabı vasitəsilə qabaqcadan ödəniş edilib. Bildirilmişdir ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim olunmalıdır və ya ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən bildirmişdir ki, bütün dünyada baş vermiş “Covid-19” pandemiyasının törətdiyi əngəllər, fəasadlar onların ictimai iaşə fəaliyyətlərindən də yan keçmədi yeni obyektlərin açılışı və bir sıra tədbirlər yarımçıq qaldı, təxirə salındı. Hətta bir çox filiallar fəaliyyətini dayandırdı. Uzun müddət çatdırma kimi fəaliyyət göstərmiş, bu da öz növbəsində biznesin inkişafını dayandırdı. Nəzərdə tutulan istehsal sahəsinin tikintisi 2022-ci il tarixinədək təxirə salındı. Bu səbəbdən də satıcı ilə danışıqlar aparıldı ki, avadanlıq daha sonra, yəni, təmir işləri bitəndən sonra ölkəyə gətirilsin. Bunu özündə əks etdirən müqavilə (əlavə saziş) banka təqdim edilib. Bu gün iqtisadiyyatımız inkişaf mərhələsindədir, xalqımız üçün çalığırıq həm keyfiyyətli xidmət təqdim edilsin, həm də yeni iş yerləri artsın. Həmin avadanlığın idxalı nəticəsində daha da artıq iş yerləri artacaq. Hal-hazırda təmir davam edir, şəkillər müqaviləyə əlavə edilir. Avadanlığın yerləşdirilməsi üçün nəzərdə tutulmuş səth hazır olan kimi avadanlıq Respublikaya idxal ediləcək. Mərkəzi Bank İXM-nin 144-cü maddəsini kobud şəkildə pozaraq, şikayət məktubuna cavab verilmədən barəsində səhv tərtib olunmuş inzibati protokol ödəniş sistemində yerləşdirilmişdir. Halbuki İXM-nin 144-cü maddəsində deyilir : 144.1. Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) göndərilir. AR Prezidentinin xx.xx.2016-cı il tarixli 795 nörməli Fərmanının 5.43-ci bəndinə əsasən AR İXM 430.4-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış... ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası baxır baxır. Bununla yanaşı qeyd etmək istəyirəm ki. https://www.cbar.az/page-121/officials- authorized-to-consider-caseson-administrative-violations saytına əsasən Mərkəzi Bankın adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilmişdir. Həmin məlumata əsasən inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti müəyyən edilən vəzifəli şəxslərin sırasında Gülər Paşayeva qeyd edilməmişdir. X6 Akşin Vəliyevə və Rəşad Orucovun belə bir səlahiyyətli olması barədə rəsmi məlumat sayta yerləşdirilmişdir. Buradan belə aydın olur ki, xx.xx.2022-ci il tarixli protokol və 19 oktyabr 2022-ci il tarixli qərar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir və etibarsızdır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq ******* saylı protokola Mərkəzi Bank tərəfindən çıxarılmış 19 oktyabr 2022-ci il tarixli MN № ******* nömrəli qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X.M.Seyidlinin etibarnamə əsasında nümayəndəsi Ə.H.Rəhimov şikayəti müdafiə edərək bildirmişdir ki, sifariş edilmiş mallar, yəni lavaş aparatı 02 il ərzində ölkə ərazisinə daxil olmalıdır. Sifariş edilmiş mallar 2023-cü ilin mart ayınadək ölkəyə gətiriləcəkdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov şikayətlə razılaşmayaraq bildirmişdir ki, hazırki şikayət tamamilə əsassızdır. Belə ki, şikayətçinin nümayəndəsinin dediyinə görə sifariş edilmiş mallar 2023-cü ilin mart ayında gələcək, həmin malları gəlməməsi ehtimalı da var. Həmçinin pulun köçürülməsi xx.xx.2020-ci il tarixdə baş vermiş, həmin köçürməyə əsasən sifariş edilmiş mallar qanunvericiliklə müəyyən edilmiş müddətdə, yəni 02 il ərzində ölkə ərazisinə gətirilməliydi. Lakin tərəfin bildirdiyinə görə həmin sifariş yalnız 2023-cü ilin mart ayında tamamlanacaqdır. Göstərilənləri nəzərə alaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Alfa 40-344 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Türkiyə Respublikasında yerləşən “X9 Gıda İnş.Taş.İmalat Sanaye ve Tic.Ltd.Şti” şirkəti ilə X.M.Seyidli arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X.M.Seyidli 30.000,00 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Ödənişin aparıldığı gündən 02 (iki) il artıq müddət keçsə də, 30.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarılmamışdır. Bunda görə də, X.M.Seyidli İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, bəyan olunmayan 30.000,00 ABŞ dollarının 10%-i həcmində, 3.000 ABŞ dolları məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X.M.Seyidli 30.000,00 ABŞ dolları məbləğində vəsaiti bankda olan hesabından xx.xx.2020-ci il tarixdə Alfa 40-344 müqaviləyə əsasən Türkiyə Respublikasında yerləşən “X9 Gıda İnş.Taş.İmalat Sanaye ve Tic.Ltd.Şti” şirkətinin hesabına köçürülməsinə və köçürmənin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 30.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də, X.M.Seyidlinin barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla bəyan olunmayan 30.000,00 ABŞ dollarının 10%-i həcmində 3.000 ABŞ dolları məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında X.M.Seyidlinin etibarnamə əsasında nümayəndəsi Ə.H.Rəhimov sifariş edilmiş mallar və xidmətlərin onların təmir işləri bitdikdən sonra gətirilməsini bildirsə də həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X.M.Seyidli tərəfindən onun avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq malların ölkəyə idxal edilməməsi, işlərin görülməməsi və xidmətlərin göstərilməməsi, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələbinin pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd olunanlara əsasən, həmçinin işin faktiki hallarına və hazırki şikayətin əsaslandırıldığı dəlillərə qiymət verərək hesab edir ki, şikayətçi X.M.Seyidli şikayətində qeyd etdiyi hallar özünümüdafiə xarakteri daşıyır, işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikasından Dövlət Gömrük Komitəsinin sədrinin 17 iyun 1998-ci il tarixli, 027 saylı əmri ilə təsdiq edilmiş “Yük gömrük bəyannamələrinin doldurulması” Qaydalarının 20-ci qrafasına əsasən, birinci və ikinci yarımbölmə malların ixracında olduğu kimi doldurulur. Bu qrafanın üçüncü yarımbölməsi aşağıdakı qaydada doldurulur: «100» - malın dəyəri əvvəlcədən ödənilmişdir; «110» - malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir; «120» - malın dəyəri ödənilməmişdir; «130» - mal kredit hesabına idxal olunur; «200» - malın dəyəri kredit hesabına əvvəlcədən ödənilmişdir; «210» - malın dəyərinin bir hissəsi kredit hesabına əvvəlcədən ödənilmişdir; «220» - malın dəyərinin ödənilməsi üçün akkreditiv açılmışdır. Əgər mallar kredit hesabına gətirilərsə, belə hallarda yuxarıda göstərilən rəqəmlərin (sözlərin) - kodların əvəzinə ayrılmış kredit əsasında hər bir ay üzrə bank tarif dərəcəsinin faizi yazılır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan X.M.Seyidlinin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Mərkəzi Bankının 19 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4002/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4002/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver