Məhkəmə qərarları › İş №3(006)-4006/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4006/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4006/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 və vəkili X1 iştirakları ilə, "xxxx" MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, mənzil 101; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə "xxxx" MMC 38719,43 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, "xxxx" MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, 2019-cu ildə "xxxx" MMC ilə Çində yerləşən “X2 Co., Limited” şirkəti arasında malların göndərilməsinə dair müqavilə imzalanmışdır. "xxxx" onlara swiftdə uyğunsuzluq olduğu barədə xəbərdarlıq etmişdir. Bəyannamədə texniki səhv olaraq müqavilənin nömrəsi düzgün qeyd edilməmişdir. Onlar məsələnin həlli üçün Gömrük komitəsinə müraciət etmişlər və yanlışlıq aradan qaldırılmışdır. Sifariş olunan mallar qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Bu halı təsdiq edən sənədi də məhkəməyə təqdim edir. Göründüyü kimi, "xxxx" MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin vəkili X4 izahatında bildirmişdir ki, bəyannamədə texniki səhv olaraq müqavilənin nömrəsi düzgün qeyd edilməmişdir. Bununla bağlı Gömrük komitəsinə müraciət etmişlər və yanlışlıq aradan qaldırılmışdır. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2022-ci il tarixli məlumatda "xxxx" MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; - Ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən Çində yerləşən “X2 Co., Limited” şirkətinin hesabına xx.xx.2019-cu il tarixli, Dİ-20191020/T saylı müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixli BK200929 saylı invoys üzrə xx.xx.2020-ci il tarixdə 38719.43 ABŞ dolları məbləğində pul göndərilmişdir; - **********6589 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, bəyannamədə "xxxx" MMC ilə Çində yerləşən “X2 Co., Limited” şirkəti arasında malların göndərilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilənin nömrəsi yanlış qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Çində yerləşən “X2 Co., Limited” şirkəti arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə 38719,43 ABŞ dolları məbləğində vəsait “X2 Co., Limited” şirkətinin hesabına köçürülmüş, həmin köçürməyə əsasən sonuncu tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində sifariş olunan mallar ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə sifariş olunan mallar ölkəyə idxal edildiyi üçün "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından "xxxx" MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar