Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4011/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, X1 iştirakları ilə, X1 Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cı il tarixdə, saat 08:15 radələrində, idarə etdiyi “VAZ 2115” Minik markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 20 yanvar metro stansiyası istiqamətindən 3-cü mikrorayon dairəsinə doğru hərəkət edərəkən, həmin dairədə tıxac olduğundan bütün avtomobillər kimi şikayətçi də öz avtomobili ilə soldan gələn avtomobilləri buraxaraq Alı Mustafayev küçəsinə doğru sıxlıqla hərəkətini davam etdirmişdir. Bu zaman yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış ** YP *** dövlət qeydiyyat nişanlı Yol patrul avtomobili tıxacı açaraq avtomobillərin normal hərəkət etməsini nizamlamaq əvəzinə, səhər tezdən ətraf binalarda yaşayan insanların da istirahətini nəzərə almayaraq yüksək səs gücləndiricini qurğunu işə salaraq qatı cinayətkarı yaxalayırmış kimi yüksək sürətlə sürüb avtomobili yolun intensiv hərəkət istiqamətində saxlamağa məcbur etmişdir. Bunun nəticəsində həmin istiqamətdə tıxac yaranmış və arxadan gələn avtomobillər səs siqnalları verməyə başlamışdır. Şikayətçi avtomobilini məcburən yolun sağ hərəkət istiqamətində saxlamışdır. Sonra DYP-nin sükan arxasında əyləşən əməkdaşı onu yanına çağırmışdır. Nə baş verdiyini anlamaq üçün YPX avtomobilinə yaxınlaşmışdır. Avtomobildə əyləşən polis əməkdaşından nə baş verdiyini soruşmuş, YPX avtomobilinin sükanında əyləşən polis baş serjantı X4 yüksək səs tonuyla az qala şikayətçini döyəcək kimi üstünə qışıqıraraq avtomobili yaxınlıqda olan məhəlləyə sürməyi tələb etmişdir. Şikayətçi avtomobilinə əyləşərək avtomobili 3 yaşayış binasının əhatəsində olan məhləyə sürüb orada saxlamışdır. Polis əməkdaşı Orxan Qəhrəmanov arxasıyca YPX avtomobilinin sirenasının yandıraraq yüksək səs-küylə məhləyə girərək yolpatrul xidməti haqqında təlimatın 13.5-ci bəndinin tələbini pozaraq şikayətçinin yanına çağırmışdır. Bu zaman binada yaşayan vətəndaşlar səsə çıxaraq burada nə baş verdiyini anlamağa çalışmışlar. Şikayətçi YPX avtomobilinə yaxınlaşdıqda sükan arxasında əyləşib avtomobili idarə edən polis əməkdaşı Orxan Qəhrəmanov avtomobildən düşərək polis geyim forma qaydalarını pozmuş halda başı və yaxası açıq (papaqsız), vəziyyətdə, əlini baş geyiminə yaxınlaşdırmadan,“Yol-patrul-xidməti haqqında Təlimat”ın 13.1., 13.2.,13.3.,13.4., 13.5.-ci bəndinin tələblərini, eləcə DİN-nin 130 nömrəli əmri ilə təsdiq edilmiş "DİO əməkdaşlarının etik davranış kodeksi"nin 2 (iki) maddəsinin tələbini kobud şəkildə pozmaqla nə hadisə baş verdiyini və hansı qayda pozuntusu olduğunu bildirmədən, ad, soy ad, və doğum tarixini soruşmuşdur. Bu məlumatları ona bildirdikdən sonra kobudcasına şikayətçiyə cərimə yazacağını bildirmişdir. Bunun səbəbini soruşduqda o, saymazyana şəkildə, deyinə-deyinə YPX avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Aşağıda qeyd etdiklərinə əsasən, ** YP *** dövlət qeydiyyat nişanlı Yol patrul avtomobilini idarə edən polis baş serjantı Orxan Qəhrəmanov heç bir qayda pozuntusu olmadan avtomobilini dayandıran zaman özü “Yol-patrul xidməti haqqında Təlimat”ın və "DİO əməkdaşlarının etik davranış kodeksi" nin qeyd etdiyi müvafiq bəndinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Orxan Qəhrəmanov yol hərəkəti qaydasını pozmağı ilə bağlı ona nə hər hansı bir sübut və görüntü göstərməmiş, eləcə də bununla bağlı ona hər hansı izahedici məlumat da verməmişdir. “Yol-patrul xidməti haqqında Təlimatının 13.2. bəndinə əsasən Yol patrul xidmətinin əməkdaşı yol hərəkəti iştirakçılarına müraciət edərkən YPX inspektoru sağ əlini baş geyiminə yaxınlaşdıraraq, hərbi təzim qaydasında salam verib öz vəzifəsini, xüsusi rütbəsi və soyadım deməklə özünü təqdim etməli, nəqliyyat vasitəsinin dayandırılması səbəbini bildirməlidir. Məlum olduğu kimi Orxan Qəhrəmanov təlimatın bu tələblərinə əhəmiyyət verməyərək qanun pozuntusuna yol vermişdir. Xüsusi olaraq şikayətçi həmin vaxt inzibati xəta törətməmişdir, bununla bağlı şikayətçi hər hansı sübut və dəlil də şikayətçiyə təqdim olunmamışdır. Əgər xəta törətmiş olsaydı, YPX əməkdaşı yəqin ki, həmin görüntünü şikayətçiyə göstərərdi. İnzibati xəta törətmiş olduğu sübut olunsa cəriməni ödəməyə hazırdır. Amma necə olur ki, xəta törətdiyini iddia edən YPX əməkdaşı şikayətçi inzibati xəta törətmədiyi halda barəsində protokol tərtib cərimə yazır, özü isə polis haqqında qanunun, YPX haqqında təlimatın və etik davranış kodeksinin tələblərini kobud surətdə pozur. Polis haqqında Azərbaycan Respublikasının qanununa əsasən polis əməkdaşı özü qanunun aliliyinə və tələblərinə hörmət edərək intizamlı və nümunəvi olmaqla yanaşı vətəndaşlara qarşı nəzakətli davranış nümayiş etdirməlidir. Konstitusiyanın 25-ci maddəsinə əsasən kimliyindən aslı olmayaraq hamı qanun qarşısında bərabərdir. xx.xx.2024-cü il tarixdə məsələ ilə bağlı Bakı şəhər X12 İdarəsinə məktubla rəsmi müraciət edərək əgər sürücü olaraq inzibati xəta törətmişdirsə şikayətçini idarəyə dəvət edib faktlarla və dəlillərlə onun qayda pozuntusu törədərək inzibati xəta törətmədiyini sübut etmələrini xahiş etmişdir. Lakin buna baxmayaraq xx.xx.2024-cü il tarixdə, saat 14:22-də özünü Bakı şəhər DYP İdarəsinin məsul əməkdaşı kimi təqdim edən polis mayoru ********** nömrəli mobil telefondan şikayətçiyə zəng edərək məsələ ilə maraqlanmış və lakin şikayətçinin qayda pozuntusu törədərək inzibati xəta törətməyi ilə bağlı əllərində sübutu olmadığını bildirmişdir. Eyni zamanda TP ******* saylı qərarın ləğv edilməsilə bağlı məhkəməyə müraciət edərək protokolun məhkəmə vasitəsilə ləğv etdirməyin şikayətçiyə tövsiyə etmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində tərtib olunmuş protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin məzmununda qeyd olunanların nəzərə alınaraq şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X11 İdarəsinin polis kapitanı X5 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixində, saat 08:16-da Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 1 ünvanında “VAZ 21154 minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X3 yolayrıcını keçmə qaydalarını pozması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X11 İdarəsinin polis kapitanı X5 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixində, saat 08:16-da Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 1 ünvanında “VAZ 21154 minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X3 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərar qəbul edilmişdir, həmçinin hadisə zamanı qeydə alınmış videogörüntülər ona təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4011/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4011/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver