Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4018/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 24 mart 2025-ci il tarixində saat 17:59-da Bakı şəhəri Məmmədcəfər Cəfərov 1a ünvanında (GPS:40.40437xx.xx.8079961) idarə etdiyi 77GE154 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Bakı şəhəri X6 İdarəsi Yol Patrul Xidmətinin inspektoru polis serjantı X3 tərəfindən TP ******* nömrəli Qərar ilə barəsində 100 (yüz) manat cərimə edilmə haqqında tənbeh növü tətbiq olunmuşdur. Bakı şəhəri X6 İdarəsinə hadisədən bir neçə gün sonra gedərək 108-ci otaqda sözügedən inzibati xətanın törədilməsi ilə bağlı video görüntüyə baxsa da, idarə etdiyi nəqliyyat vasitəsinin svetoforun qırmızı işığında keçdiyinə dair aydın görüntüyə rast gəlməmişdir. Təqdim olunan video görüntüdə idarə etdiyi nəqliyyat vasitəsinin yolayrıcını svetoforun qırmızı işığında keçdiyinin görünməməsi və avtomobilin dövlət qeydiyyat nişanının ümumiyyətlə görüntüdə əks olunmaması inzibati xəta üzrə qərarın ləğvi üçün ciddi hüquqi əsas yaradır. Belə ki, İXM-in 327.2-ci maddəsi qadağanedici qırmızı işıq yandıqda hərəkəti davam etdirməyi inzibati xəta kimi müəyyən edir. Amma bu xətanın törədilməsi faktı tənbeh tədbiri tətbiq edən orqan tərəfindən sübut olunmalıdır. Bakı şəhərinin bəzi yol ayrıclarında yaşıl siqnalın sönməsinə qədər saniyələrlə qalan müddəti azalan qayda ilə sürücülərə bildirən rəqəmli tablo ilə təchiz olunmuş svetoforlar quraşdırılmışdır. Sürücülərin yol ayrıcına daxil olarkən məntiqli qərarlar qəbul etməsinə kömək edən bu cür rəqəmli tablo təəssüf ki, inzibati xətanın tətbiq olunduğu yerdə quraşdırılmamışdır. Eyni zamanda, əgər nəqliyyat vasitəsinin qeydiyyat nişanı görünmürsə, hadisənin inzibati xəta üzrə tənbeh tədbiri tətbiq olunmuş şəxsə aid olduğu səlahiyyətli orqanın əməkdaşı tərəfindən necə müəyyən edildiyi məhkəmə tərəfindən obyektiv və hərtərəfli araşdırılmalıdır. Qərarın sübut bazası yetərli deyil və mənə göstərilmiş video materialda inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirilmir. Əlavə olaraq bildirir ki, xx.xx.2025-ci il tarixində Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-2351/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və aidiyyəti sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati xəta hadisəsinin video görüntülərinin məhkəməyə təqdim olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə ünvanladığı sorğuya cavab verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(006)- 2636/2025 nömrəli qərarı ilə iddia ərizəsi qismən təmin edilmiş və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar ləğv edilərək iş yenidən baxılması (İXM-nin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş halda (Səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması) üçün Bakı şəhər X6 İdarəsinə göndərilmişdir. Bakı şəhər X6 İdarəsi isə səlahiyyətli orqan olaraq xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlamış, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında yeni qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri BPİ-nin X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri BPİ-nin X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-nin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(006)-2636/2025 saylı qərarına əsasən X1 şikayəti qismən təmin edilmiş, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X2 yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4018/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4018/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver