Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4019/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28861873 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28861873 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 13:50-də istifadəsində olan **-MC-*** dövlət qeydiyyat nişanlı “X4” markalı nəqliyyat vasitəsi ilə (etibarnamə üzrə onun istifadəsindədir) Quba rayonu, Tofiq Əhmədov küçəsindən Heydər Əliyev prospektinə dönmə zamanı svetoforun qırmızı işığında durub, yaşıl işıqda hərəkətini davam etdirmişdir. Lakin xx.xx.2025-ci il tarixdə saat 08:43-də SMS radar vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə İXM-nin 327.2-ci maddəsi (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi ilə bağlı mesaj gəlmişdir. Həmin təqdim edilən fotolarda görünür ki, qırmızıda (qirmızı işığın yanmasını tam müşahidə etmək olmur) dayanmışdır, hərəkətdə olduğu zaman isə svetoforun işığını fotoda ümumiyyətlə müəyyən etmək olmur, yaşıl, sarı və qırmızı işiqların heç biri yanmır. Bunlar hamısı fotoda tam aydın şəkildə görünür. Bunlara rəğmən işıqforun qırmızı işığında durub yaşıl işıqda hərəkətini davam etdiyini tam şəkildə xatırlayır. Belə olduğu halda inzibati protokolun nə dərəcə əsaslı olması şübhə yaradır və ona qarşı qərəzli mövqedən çıxış edərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi görünür. Belə ki, inzibati hadisənin (əgər hadisə demək olarsa...) baş verdiyi tarix xx.xx.2025-ci il saat 13:50 olduğu halda bir gün sonra, yəni xx.xx.2025-ci il saat 08:43-də inzibati aktın tərtib edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. O, həmin əraziyə nəzər yetirdikdə yeganə xususi texniki vasitənin TŞ (Təhlükəsiz Şəhər) kamerası olduğunu müşahidə etmiş və inzibati tənbeh vermə haqqında qərarın həmin TŞ kamerası vasitəsi ilə fotonun tərtib edilməsi ilə nəticələnmişdir. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən yol hərəkətinə videonəzarətin tətbiqi haqqında DİN-in 1 may 2009-cu il tarixli 247 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalar 3 oktyabr 2012-ci il tarixli Q49-001-12 nömrəli Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Qərarı ilə ləğv edilmişdir. Həmin DİN qaydaların 4.4.1. bəndində nəzərdə tutulmuş videokameralar vasitəsilə küçələrə və yollara nəzarət etmək, müəyyən olunmuş qayda pozuntularını qeydə almaq; 1.4.2. aşkarlanan qayda pozuntuları barədə müvafiq sənədləşmə aparmaq, materialları «Məlumat-analitik sistem»inə daxil edib qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göndərmək kimi müddəalar öz qüvvəsini itirərək ləğv edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar əsassız olduğu üçün ləğv edilməlidir. Xüsusilə qeyd etmək istəyir ki, o, heç bir qayda pozmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28861873 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28861873 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X2 yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin, məhkəmənin inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı sorğuya cavab verilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EQ 28861873 saylı qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, X2 barəsində olan xx.xx.2025-ci il tarixli, EQ 28861873 saylı qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28861873 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28861873 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4019/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4019/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver