Məhkəmə qərarları › İş №3(006)-4054/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4054/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4054/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayət vermiş şəxs: X3 iştirakları ilə Bakı Şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, idarə etdiyi **-XZ-*** saylı dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022 tarixdə, saat 07:47-də Bakı şəhəri, M.P.Vaqif küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində olarkən yolpatrul xidməti avtomobilində olan polis əməkdaşı ona «saxla» əmri vermişdir. O da avtomobili saxladıqdan sonra yol-patrul xidmətinin əməkdaşı onunla kobud danışıb avtomobil ilə işıqforun qadağanedici siqnalında keçdiyini söyləmişdir. O da buna etiraz etmiş, yaşıl işığın yanıb-söndüyü zaman yol ayrıcını keçdiyini bildirmişdir. Lakin, polis əməkdaşı onun inzibati pozuntunu etdiyini sübut etmədən barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla bağlı o, Bakı Şəhər X8 İdarəsinə şikayətlə müraciət etmiş, 01 aydan sonra xx.xx.2022-ci il tarixdə ona icraçı V.Hacızadə zəng edərək videogörüntüyə baxmaq üçün 108 nömrəli otağa gəlməyi bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Bakı Şəhər X8 İdarəsinə getsə də, orada onun işıqforun qadağanedici işığında keçməyini təsdiq edən görüntünü göstərə bilməmişlər. Qeyd olunanları nəzərə alaraq barəsində əsassız qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X4 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); - İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); - İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); - İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); - İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı Şəhər X8 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar