Məhkəmə qərarları › İş №3(006)-4056/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4056/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4056/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi RPİ-nin 21-ci PB-nin MN №1360762 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolu (polis sahə rəisi X3) və onun əsasında çıxarılmış MN №1222502 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (Rəis, X4) ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin nə protokol, nə də ki, digər iş materiallarında onun təqsirini sübut edən hər hansı bir hal aşkar edilmir. Bu səbəbdən hesab barəsində çıxarılmış qanunsuz qərarın ləğv edilməli və işə xitam verilməli olduğunu hesab edir. İşin ona izah edilmiş hallarına görə, 2022-ci ilin sentyabr ayının əvvəllərində oğlu Elxan Hüseynov, arvadı İradə Hüseynova ilə “Qış Parkında” gəzərkən anası tərəfindən qanunsuz olaraq onlardan alınaraq geri qaytarılmayan nəvəsi Emil Hüseynlinin anasının bibisi ilə parka gəzdiyini görmüşlər. Bu zaman nəvəsi özü onları görərək qaçaraq oğlunun qucağına gəlmişdir. Bundan sonra oğlu, yoldaşı və nəvəsi ilə evlərinə getmişlər. Uşaqla parkda gəzən qadın nəvəsini aparmaqlarına etiraz etsə də, aralarında hər hansı bir dava-dalaş olmamışdır. Bu hadisədən 50 gün keçəndən sonra Polis onu qanunsuz olaraq İXM-nin 157-ci maddəsi ilə cərimə edir. Halbuki, hadisə zamanı orada çox sayda adam olmuşdur. Amma barəsində aparılan inzibati icraat zamanı hər hansı bir şahid ifadəsi alınmamış, hətta oğlu ilə arvadının da izahatları alınmamışdır. Göstərilənlərə əsasən, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, 2018-ci ildə oğlu Elxan Hüseynov ailə həyatı qurmuş, həmin nikahdan onun bir oğlu dünyaya gəlmişdir. X9 həyat yoldaşı 1 il onlarla birlikdə yaşadıqdan sonra onların yaşayış tərzinə uyğunlaşa bilmədiyini bildirərək uşaqla birgə evdən çıxıb getmişdir. Hazırda onların arasında uşağın hansı valideyninin yanında qalması ilə bağlı məhkəmə mübahisəsi vardır. Mediasiya Şurasında bağlanmış müqaviləyə əsasən uşağın bir həftə atasının, bir həftə isə anasının yanında qalması müəyyən edilmişdir. Uşaq onlarda 1 həftə qaldıqdan sonra təxminən bir ay-bir ay yarım uşaqdan xəbərləri olmamışdır. Buna görə də onlar uşağı axtarmağa başlamışlar. Onlar uşağı axtararkən tanışları sonuncunu Qış parkı ətrafında gördüklərini bildirmiş, bundan sonra onlar 1-2 dəfə həmin yerə getmiş, lakin uşağı tapmamışlar. Daha sonra o, həyat yoldaşı İradə Hüseynova və oğlu Elxan Hüseynov yenidən həmin əraziyə getdikdə uşağın anasının bibisi Dənizə Cəbrayılova ilə birlikdə parkda gəzdiyini görmüşlər. Uşaq atasını görən kimi özü ona tərəf qaçmış və onlar uşağı götürərək evə gəlmişlər. Həmin vaxtı Dənizə Cəbrayılova nəvəsini aparmaqlarına etiraz etsə də, aralarında hər hansı bir davadalaş olmamışdır. Həmin şəxs onlara şər, böhtan atır ki, guya həmin qadını vurmuşlar. Bununla bağlı heç bir ekspertiza keçirilməmişdir. Məhkəmə uşağı müvəqqəti saxlamaq üçün onlara vermişdir. Daha sonra heç bir təqsiri olmadığı halda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında bildirmişdir ki, 27 avqust 2022-ci il tarixdə uşağın Dənizə Cəbrayılova ilə gəzdiyini görmüşlər. Uşaq onları gördükdə atasının qucağına qaçmışdır. Onlar uşağı da götürərək evə gəlmişlər. Həmin zaman qadın uşağı vermədiyini bildirmişdir. Bu zaman qadına “sən heç uşağın nənəsi də deyilsən, uşağın anasının bibisisən” dəyərək uşağı götürüb evə gəlmişlər. Aralarında heç bir münaqişə baş verməmişdir. Belə bir protokolu keçən il də onun barəsində tərtib etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin və şahidin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar