Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4062/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında X7 Xidməti yanında Bakı şəhər idarəsi tərəfindən barəsində İnzibati tənbeh vermə haqqında qərar (MN № 1807771) qəbul edilərək AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində təqsirli bilinərək 3500 (üç min beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar mənə rəsmi qaydada 04 sentyabr 2024-cü il tarixdə təqdim olunmuşdur. Qərar əsassız olaraq qəbul edildiyi üçün aşağıdakı əsasa görə) ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR ƏƏSMN yanında X7 Xidməti yanında Bakı şəhər idarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə) icraat aparılması üçün əsas X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də mühafizəçi vəzifəsində işə cəlb olunması ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Polis idarəsi tərəfindən təqdim olunmuş sənədlər olmuşdur. Lakin Bakı şəhəri Sabunçu RPİ-də aparılan araşdırma zamanı X8 ilə “MAİZE" MMC arasında “Mühafizə xidmətlərinin göstərilməsi haqqında“ xx.xx.2024-cü il tarixli xidməti müqavilə araşdırmanı aparan təhqiqatçıya təqdim olunsa da, sonuncu həmin müqaviləni nəzərə almamış və AR ƏƏSMN yanında X7 Xidməti yanında Bakı şəhər idarəsinə təqdim etdiyi sənədlərə əlavə etməmişdir. Belə ki, X8 xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də mühafizəçi vəzifəsində həmin MMC ilə arasındakı xx.xx.2024-cü il tarixli xidməti müqavilə əsasında işə cəlb olunmuş, həmin gün mühafizəçi kimi işini icra etməsi üçün qanuni əsaslar olmuşdur. "MAİZE” MMC-nin direktoru X5r. AR ƏƏSMN yanında X7 Xidməti yanında Bakı şəhər idarəsi İnzibati tənbeh vermə haqqında qərarı səhv subyekt barəsində qəbul etmişdir. Təkcə bu xüsusat AR ƏƏSMN yanında X7 Xidməti yanında Bakı şəhər idarəsi tərəfindən ciddi pozuntularla səthi araşdırma aparıldığının və tamamilə qanunsuz qərar qəbul edildiyinin bariz nümunəsidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X9 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı əsaslıdır. Verilmiş şikayətin təmin edilməməsi və qeyd edilən 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayətçi X4 məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayətçi X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X8 mühafizəçi vəzifəsi üzrə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-nin direktoru X4 tərəfindən müəyyən işlərin yerinə yetiirlməsinə cəlb edilmişdir. Nəticədə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “MAİZE" MMC-nin direktoru (sifarişçi) X10 ilə icraçı X8 arasında mühafizə xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli MR_001 saylı müqavilədən görünür ki, icraçı X8 mühafizə xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, onun tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair başqa hər hansı sübutla təsdiq olunmur. Belə olan halda X1 barəsində inzibati məsuliyyətə cəlb edilməsi inzibati xətalara dair qanunvericiliyin sübutetməyə dair prinsip və müddəalarını heçə endirmiş olar və ədalətsiz hüquqi nəticələrə gətirib çıxarar. Hazırki iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas olmadan və işin hallarına düzgün hüquqi qiymət verməməklə X1 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Əksinə, X1 şikayətində göstərdiyi dəlillər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Əmək münasibətləri dedikdə əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. “MAİZE" MMC-nin direktoru (sifarişçi) X10 ilə icraçı X8 arasında mühafizə xidmətlərinin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli saylı müqavilə isə xidmətlərin göstərilməsi ilə bağlı olduğundan qeyd olunan tərəflər arasında əmək münasibətləri mövcud deyildir. İş materiallarında olan “mühafizə xidmətlərinin göstərilməsi” haqqında xx.xx.2024-cü il tarixli müqavilədə görünür ki, hüquqi şəxs “MAİZE" MMC-nin direktoru X5r. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 tərəfindən qəbul edilmiş 14 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4062/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4062/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver