Məhkəmə qərarları › İş №3(006)-4065/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4065/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4065/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Məlikova tərəfindən 01 noyabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 15029,90 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 15029,90 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, “MY GREENVAY’' MMC ilə Gürcüstanda fəaliyyət göstərən “Global Trade” şirkəti arasında malların alqı-satqısı barədə bir neçə müqavilələr, o cümlədən 10/AZR saylı, xx.xx.2020-ci il tarixli malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq Azərbaycana idxal ediləcək mallar müqabilində “Global Trade” şirkəti tərəfindən 14 saylı xx.xx.2020-ci il tarixli hesab-faktura buraxılmış və hesab-fakturaya uyğun olaraq Şəxs MMC tərəfindən 15,029.90 ABŞ dolları məbləğində ödəniş xx.xx.2020-ci il tarixində “Global Trade” şirkətinin xeyrinə icra edilmişdir. “Global Trade” şirkətinin 14 saylı xx.xx.2020-ci il tarixli hesab-fakturada göstərilən mallar xx.xx.2020-ci il tarixində **********97696 sorğu nömrəli Gömrük bəyannaməsinə əsasən xx.xx.2020-ci tarixində Azərbaycana idxal edilmişdir. xx.xx.2020-ci il tarixli köçürmə orderinə əsasən aparılmış ödəniş əvvəlcədən ödəniş sayılmamalıdır və həmin ödənişin müqabilində malların Azərbaycan Respublikasına idxal edilməsi xx.xx.2020-ci il tarixli, **********97696 sorğu nömrəli Gömrük bəyannaməsi ilə təsdiq edilir. Göründüyü kimi, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmamalıdır və inzibati xəta hadisəsi olmadığından şirkətin inzibati məsuliyyətə cəlb edilməsinə əsas mövcud deyildir. İş üzrə icraat aparan Mərkəzi Bank tərəfindən araşdırma aparılarkən və inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuş, Şəxs MMC-yə inzibati xəta haqqında icraatın başlanması barədə vaxtında məlumat verilməmiş və şirkət AR İnzibati Xətalar Məcəlləsinin 61-ci və 100-cü maddələrinə uyğun olaraq inzibati araşdırmada iştrak etmək, sübutları təqdim etmək, inzibati xəta haqqında protokolla tanış olmaq və surətini almaq hüquqlarından məhrum edilmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs tərəfindən «GLOBAL TRADE LLC» şirkətinin müvafiq bank hesabına 15029,90 ABŞ dolları ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 15 oktyabr 2020-ci il tarixli, **********7696 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs tərəfindən qabaqcadan ödəniş etməklə köçürülmüş 15029,90 ABŞ dolları məbləğində vəsait hesabına malların ölkəyə idxalı inzibati xəta törədilmədən öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 01 noyabr 2022-ci il tarixdə tərtib edilərkən artıq Şəxs tərəfindən 15029,90 ABŞ dolları məbləğində məhsul tələb olunan iki ildən gec olmamaqla ölkəyə idxal edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar