Məhkəmə qərarları › İş №3(006)-4066/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4066/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4066/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X14 Şikayətçi: X8 vəkili Nümayəndə iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 vəkili Nümayəndə qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, X3 rayonunda yaşayır. 04 il bundan qabaq ev almaq niyyətində olduğu üçün alqı-satqı əməliyyatlarında vasitəçilik edən şəxs vasitəsi ilə X18 ilə tanış olmuşdur. Daha sonra Taleh İslamov onunla ailə qurmaq istəmiş, lakin M.Həsənova yaşının az, anasının da xəstə olduğuna görə istəməmişdir. X13 2023-cü ilin avqust ayı diş həkiminə müayinə olmaq və bazarlıq üçün Bakıya gəlmişdir. “Binə bazarı”nda olan zaman X18 ona zəng vurmuş, onu gəlib götürmək istədiyini bildirmişdir. Taleh Məryəmi ilk öncə öz yaşadığı binanın həyətinə aparmış və təzə aldığı evi göstərmək istəmişdir. M.Həsənova isə qohumugilə getməli olduğunu bildirmişdir. T.İslamov M.Həsənovaya rayona gedəndə onu da xəbərdar etməsini xahiş etmiş, birlikdə gedə biləcəklərini, rayonda işi olduğunu bildirmişdir. X13 14 avqust 2023-cü ildə T.İslamova zəng vurub rayona getmək istədiyini bildirmişdir, T.İslamov ona ünvanı göndərmişdir. X1 yaşadığı ünvan 1 ünvanına getmişdir. Taleh X2 yuxarı qalxmağını demiş və rayona getmək üçün əşyalarını yığdığını demişdir. O, həmin evə qalxmış, mənzilə girəndə Taleh ona evi təmir etdiyini, mebelləri və təzə qapıları göstərmişdir. Taleh yataq otağına keçib əşyalarını yığmağa başlamış, bu zaman sonuncu telefonda kiminləsə danışmış və rayona getməyində tərəddüdlü olduğunu bildirmişdir. O, Talehə niyə ona yalandan rayona gedəcəyini dediyini soruşmuş, Taleh də işinin alınmadığını, gedə bilməyəcəyini, artıq gec olduğunu bildirmiş, onun da burda qalmasını, sabah burdan getməsini demişdir. Taleh paltarlarını yığdığı üçün onlar yataq otağında olmuşlar. Bu zaman Taleh onun üzərinə gəlmiş, o da qorxmuş, uzaqlaşmağa başlamış və qışqırmışdır. Taleh onun saçını yolmuş, üzünə, ağzına vurmuş və səsini kəsməyini demişdir. Taleh onun üzündən vurduğuna görə dişinin breketləri qırılmışdır. Taleh onun qoluna yumruqla vurmuş, onu taxta sürüməyə başlamış, ayağından və qolundan xəsarət almışdır. O, polisə zəng vurmaq istəyəndə Taleh telefonu əlindən almışdır. O, səhər saat 05:00-da geyinib çıxmaq istəmiş, lakin Taleh buna mane olmuş, yenidən onu taxta uzatmış və cinsi əlaqədə olmuşdur. O, Talehə onu polisə verəcəyini demiş, Taleh isə bunu edəcəyi təqdirdə rayonda onu biabır edəcəyini bildirmişdir. 16 avqust 2023-cü il tarixdə X13 “102” qaynar xəttinə zəng etmiş, daha sonra 20-ci polis bölməsinin əməkdaşları X13 ilə əlaqə saxlamışlar. Faktla bağlı araşdırmanı Nəsimi rayon prokurorunun köməkçisi Aytən Ramazanlı aparmış və onun izahatı alınmışdır. O, ekspertizadan keçmək istədikdə Aytən Ramazanlı sonra gəlməli olduğunu bildirmişdir. X13 daha sonra onu çağırmadıqlarına görə özü prokurorluğa getmiş, Taleh İslamovun da orada olduğunu görmüşdür. X10 Fərid Dadaşovun otağına aparmışlar. X7 Ramazanlıya ekspertizaya göndərməsini demiş, üzləşdirmə olmasını istəmişdir. X21 gətirmişlər. Taleh İslamov iki gün qabaq bakirəliyini pozduğunu, qanın olduğunu təsdiq etmişdir. X13 dəfələrlə şikayətlər etsə də, şikayətləri araşdırılmamışdır. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun 17 yanvar 2024-cü il tarixli qərarı ilə X8 Taleh İslamov tərəfindən bakirəliyinin pozulması ilə bağlı müraciəti üzrə toplanmış 323-c-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Taleh İslamov izahatında Məryəm Həsənovanın bakirə olduğunu və onunla cinsi əlaqədə olduğunu təsdiqləmişdir. 1 saylı X20 Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 385 saylı rəyi ilə X8 zorakılığa məruz qaldığı təsdiq olunmuş və rəydə qeyd olunmuşdur ki, Məryəm Həsənovanın sol budun orta və aşağı 1/3nin ön səthinin sıyrıqları bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən tarixi və şəraiti inkar etmir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Göstərilən xəsarətlərin yerləşmə nayihələrini, sayını və xüsusiyyətlərini nəzərə alaraq, onların şəxsin özü tərəfindən yetirilməsi inkar edilir. Qərardan görünür ki, prokurorluq heç bir araşdırma aparmamış, sadəcə tərəflərin izahatını almışdır. Prokurorluqda həm Aytən Ramazanlı, həm də digər əməkdaşlar onu ittiham etmişdir. Onu “evlənmək istəyir” deyib alçaltmışlar. X5 dəfələrlə evlənmək istəmədiyini bildirmişdir. Əksinə bu cinayətin araşdırılmasını və Taleh İslamovun məsuliyyətə cəlb edilməsini istəmişdir. Sözügedən qərar 22 may 2024-cü ildə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və şikayət yenidən araşdırılması üçün Nəsimi rayon prokurorluğuna göndərilmişdir. 21 avqust 2024-cü ildə X13 yenidən Nəsimi rayon prokurorluğuna gəlmiş və müstəntiq və ya prokurorun qəbuluna düşmək istəmişdir. Lakin qapıda duran polis guya müstəntiqin orada olmadığını, baxmayaraq ki, divarda hər birinin qəbul günü və saatı yazılmış, onu qəbul edəcək heç kim olmadığını bildirmişdir. X13 onun qəbul edilməsini təkid etmişdir. O, polisin hərəkətindən isə “102” Xidmətinə dərhal şikayət etmişdir. Lakin polis 21-ci polis bölməsinə zəng etmiş və guya X6-küy salaraq işin gedişatına mane olduğunu bildirmişdir. Bir müddət sonra 03 nəfər polis əməkdaşı gəlmiş və onu bölməyə aparmışlar. Orada onu gecə də burada saxlayacaqlarını, həbs edəcəklərini, məhkəməyə aparacaqlarını deyərək hədələmiş, telefonu əlindən alınmış, oxumadığı sənədlərə imza atmasını və yalandan guya səs-küy saldığını yazmasını məcbur etmişlər. X8 telefonu olmadığı üçün vəkilinə məlumat verə bilməmişdir. Halbuki, polis gələndə dərhal vəkilinə zəng etmişdir. Vəkil həmin polislərlə danışmış, polis bildirmişdi ki, X8 şikayətini sadəcə qeydə alacaqlar. Sonradan məlum olmuşdur ki, polis həm X10, həm də vəkili aldatmış və polis adına ləkə gətirən işlə məşğul olmuşdur. X8 vəkili “Facebook” sosial şəbəkəsində bu barədə yazı yazmış və Bakı şəhər Baş Polis İdarəsi bu faktı dərhal nəzarətə götümüşdür. Lakin 12 sentyabr 2024-cü ildə Kürdəmir rayon İcra və probasiya şöbəsi X10 dəvət etmiş və bildirmişdir ki, o, cərimə edilib və dərhal cəriməni ödəməlidir. Yalnız bu zaman X13 bilmişdir ki, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta protokolu hazırlanmış və o, cərimə edilmişdir. X13 dəfələrlə prokurorluğa müraciət etmiş və cinayətkar şəxs barəsində tədbirlərin görülməsini xahiş etmişdir. Lakin hər dəfə ona bildirmişlər ki, onu zorlayan şəxsin zorlamasını sübut edə bilmir, ona görə də heç kim həbs olunmayacaq. Halbuki, cinayət işinin materiallarında olan sübutlar T.İslamovu həbs etmək üçün kifayətdir. X13 onu aldadaraq bölməyə aparmışlar, müdafiəsiz qalmış, çünki telefonunu əlindən almışlar, dərhal protokol tərtib edilməmişlər, onu hədələmişlər və onunla pis rəftar edib alçaltmışlar. X13 bildirmişdir ki, polis onu həbs etmiş, o, tərpənə bilməmiş, olduğu yeri tərk edə bilməmişdir. Onu 21-ci polis bölməsində otağa salıb təhqir edərək alçaltmış, gecə orada saxlamaqla həbs etməklə hədələmişlər. Halbuki, inzibati xəta protokol elə Nəsimi rayon prokurorluğunda tərtib edilməli, kamera görüntüləri götürülməli, şahidlər dindirilməli idi. X13 heç bir yerdə işləmir, heç bir pozuntu törətməmiş, səs-küy də salmamışdır. Qanunla icazə verilən hüquqlarını həyata keçirmişdir. X13 tutularkən və bölməyə aparılarkən tamamilə müdafiəsiz qalmış, bir neçə saat bölmədə saxlanılmış, həmin müddətdə ailəsinə məlumat verilməmiş və vəkillə təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X8 vəkili Nümayəndə şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • 21 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X13 21 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov küçəsində səs-küy salaraq ictimai asayişi pozmuşdur; • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X4 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi X13 tərəfindən 21 avqust 2024-cü il tarixdə inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmiş, təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar