Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4067/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 iştirakları ilə Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozduğuna görə barəsində Baş X7 İdarəsi tərəfindən 07 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. Onun həmin protokolda qeyd edilmiş hadisə ilə heç bir əlaqəsi yoxdur. Belə ki, o, 07 avqust 2024-cü il tarixdə, saat 09:30 radələrində protokolda qeyd olunan ərazidə olmamış, həmçinin, protokola heç bir sübut əlavə olunmamışdır. O, 19 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X7 şöbəsinə yaxınlaşdığı zaman ona bildirilmişdir ki, bu elektron qərar deyil, sadəcə adi protokoldur. Belə olan halda protokol hadisə yerində onun iştirakı ilə tərtib edilməli və surəti ona dərhal təqdim edilməli idi. Sözügedən protokol isə güman edilən xətanın törədilməsi tarixindən 01 ay sonra onun iştirakı olmadan texniki vasitələrin köməyi ilə aşkar edilərək tərtib edilmişdir. Bu halda isə polis əməkdaşı elekton qərar qəbul etməli və 24 saat ərzində onun “elektron kabineti”nə yerləşdirməli idi. O, polis əməkdaşından müvafiq fotoların və videonun təqdim edilməsini xahiş etsə də, ona bu materiallar göstərilməmişdir. Onun “elektron kabineti”nə 11 sentyabr 2024-cü il tarixdə bildiriş daxil olmuş və orada pozuntunun 07 avqust 2024-cü il tarixdə törədildiyi qeyd olunmuşdur. Daha sonra isə 19 sentyabr 2024-cü il tarixdə qərarın vurulma tarixinin 17 sentyabr 2024cü il olduğu bildirilmişdir. Qərar qəbul edilən zaman bildirişin üzərindən 08 gün, pozuntunun törədilməsinin üzərindən isa 40 gündən artıq vaxt ötmüşdür. Buna baxmayaraq həmin qərar nə onun “elektron kabineti”nə yerləşdirilmiş, nə də ünvanına göndərilmişdir. Daha sonra özünü Baş Yol Polis İdarəsinin əməkdaşı kimi təqdim edən “Hüseyn” adlı şəxs 13 sentyabr 2024-cü il tarixdə onun atasına zəng edərək videomaterial ilə tanış olmaq üçün idarəyə gəlməyini təklif etmişdir. Göstərilənlərə əsasən Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri X6 İdarəsi tərəfindən tərtib edilmiş 07 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 07 avqust 2024cü il tarixdə, saat 09:30-da Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində idarə etdiyi “Nissan Tiida” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; • Müvafiq sistemdən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla X3 07 avqust 2024-cü il tarixdə, saat 09:30-da Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində idarə etdiyi “Nissan Tiida” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi üzrə təqsirli bilinib 150 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə); • İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır (124.2-ci maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir (124.3-cü maddə). Məhkəmədə müəyyən edilir ki, Bakı şəhər X7 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4067/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4067/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver