Məhkəmə qərarları › İş №3(006)-4076/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4076/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4076/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər 26 saylı Notariat Konturunun 8İ- 1000 reyestr nöməli xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs H.S.Bediyevaya 3.325 manat məbləğində pul ödənilmir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru R.İ.Şıxəliyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər 26 saylı Notariat Konturunun 8İ-1000 reyestr nöməli xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs H.S.Bediyevaya 3.325 manat məbləğində pul ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Lakin bugünədək borclu Şəxs ödənilməmiş 2.125 (iki min yüz iyirmi beş) manat borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru R.İ.Şıxəliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbkar H.S.Bediyeva borcum tam ödənilməsində maraqlıdır. Borclu aliment ödənişləri tam ödəməsə də, hər ay vaxtlı-vaxtında 60 (altmış) manat, 100 (bir yüz) manat olmaqla ümumilikdə 1.200 (bir min iki yüz) manat məbləğində ödəniş etmişdir. Borclu, icra şöbəsinə çağırıldıqda vaxtlı-vaxtında gəlir və çağırışlardan yayınmır. Sonuncunun adına hər hansı daşınar və daşınmaz əmlak yoxdur. Həmçinin, borcunu tam ödəyəcəyinə dair söz verir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra sənədindən məlumatı var. Onun borcunu tam ödəməyə imkanı yoxdur, buna görə də hissə-hissə ödənişlər edir və bugünədək 1.200 (bir min iki yüz) məbləğində pul ödəmişdir. Bundan başqa o, 3-cü qrup əlildir və borcunu əlillik pensiyasının hesabına ödəyir, himayəsində iki azyaşlı övladı var, söz verir ki, borcu tam bağlayacaqdır. Göstərilənləri, maddi imkanının aşağı olmasını, adına hər hansı daşınar və ya daşınmaz əşyanın olmamasını, 3-cü qrup və himayəsində iki azyaşlı övladının olmasını, bugünədək hər ay azda olsa vaxtlı-vaxtında hissə-hissə ödənişlər etməsini və icra məmurunun çağırışlarına vaxtlı vaxtında gəlməsini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar H.S.Bediyeva öz izahatında göstərmişdir ki, hal-hazırda borcludan şikayətçidir və borcun tam şəkildə ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər 26 saylı Notariat Konturunun 8İ-1000 reyestr nöməli xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 3.325 manat məbləğində pul tutularaq H.S.Bediyevaya ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhər 26 saylı Notariat Konturunun 8İ-1000 reyestr nöməli xx.xx.2022-ci il tarixli icra qeydi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, borclu Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və borclu həmin bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan ayrı-ayrı qurumlara verilmiş sorğuların cavablarına əsasən müəyyən edilir ki, Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və 04 noyabr 2022-ci il tarixli inkasso sərəncamlarından görünür ki, borclu Şəxs pensiya müavinətindən hər ay 60 (altmış) manat məbləğində pul tələbkarın xeyrinə tutulmalar aparılır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər 26 saylı Notariat Konturunun 8İ-1000 reyestr nöməli xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs H.S.Bediyevaya 3.325 manat məbləğində pul ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Lakin bugünədək borclu Şəxs ödənilməmiş 2.125 (iki min yüz iyirmi beş) manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra edilmədiyindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə iclasında Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru R.İ.Şıxəliyevin və borclunun izahatından və inkasso sərəncamlarından müəyyən olunmuşdur ki, borclu Şəxs tərəfindən 3.325 manat puldan 1.200 manat pul tələbkara hissə-hissə ödənilmişdir. Həmçinin borclu borcu hissə-hissə ödəyəcəyinə davam edəcəyini bildirir. Bu fakt məhkəmə iclasında iştirak edən bütün proses iştirakçıları tərəfindən də təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə borclu Şəxs tərəfindən borcunun hissə-hissə ödənilməsinə dair söz verdiyindən həmin icra sənədinin sonuncusu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyəməcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar