Məhkəmə qərarları › İş №3(006)-4085/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4085/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4085/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxsin nümayəndəsi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 28 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi 28 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 28 oktyabr 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli Qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1000 (min) manat cərimə olunmuşdur. Qeyd edilən qərar qanunsuz və əsassızdır. Belə ki, qanunsuz və əsassız olaraq 17 oktyabr 2022-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Həmin protokolun tərtibi barəsində toplanmış materiallardan görünür ki, Hüseynov Orxan Vəkil oğlu ilə "xxxx" QSC arasında xx.xx.2018-ci il tarixdə onun QSC-yə qənnadçı vəzifəsinə qəbul edilməsi barədə 6 (altı) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və O.Hüseynov xx.xx.2018-ci il tarixdə şöbə müdirinin müavini vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsinin “bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” müddəası rəhbər tutularaq onunla bağlanmış əmək müqaviləsi səkkiz dəfə əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi rəhbər tutularaq (tərəflərdən birinin təşəbbüsü) və Hüseynov Orxan Vəkil oğlunun işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsi əsas götürülərək onunla bağlanmış 24 fevral 2018-ci il tarixli əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Hüseynov Orxan Vəkil oğluna 34 (otuz dörd) günlük istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilmişdir. Hüseynov Orxan Vəkil oğlu "xxxx" QSCyə əvvəl qənnadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə şöbə müdirinin müavini vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin X15 Sorğu Kitabçası”nın müddəalarına və O.Hüseynovla bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin 4.7-ci bəndinə görə onun tutduğu hər iki vəzifə üçün 21 (iyirmi bir) gün ödənişli əsas məzuniyyət hüququnun olduğu təsbit edilmişdir. Hüseynov Orxan Vəkil oğlu “AZZA QSC-də işlədiyi müddətdə 2018-2019-cu iş ilinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi 18 (on səkkiz) gün, 2019- 2020-ci iş ilinə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 10 (on) gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 13 gün, 2020-2021-ci iş ilinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7 (yeddi) gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 14 (on dörd) gün, cəmi 62 (altımış iki) gün ödənişli məzuniyyət hüququndan istifadə etmişdir. Hüseynov Orxan Vəkil oğlu 24 fevral 2018-ci ildən 22 avqust 2022-ci ilə kimi "xxxx" QSC-də işlədiyi müddətdə 95 (doxsan beş) gün ödənişli məzuniyyət hüququna malik olmuşdur. Ona 95 (doxsan beş) gün əvəzinə 96 (doxsan altı) gün ödənişli əmək məzuniyyəti və ya istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilmişdir. Hüseynov Orxan Vəkil oğlunun son haqq-hesabı sonuncu iş günü ona ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydası təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə görə, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi X11 onun barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibat xətanın mahiyyətini göstərə bilməmiş, protokolun tərtibinə qanuni don geyindirmək məqsədi ilə “Hüseynov Orxan Vəkil oğlunun əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması müəyyən edilmişdir” məzmunu anlaşılmayan ümumi ifadələri və rəqəmləri protokola daxil etmək məcburiyyətində qalmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hüquqşünası vəzifəsində işləyən X4 17 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi vəzifəsində işləyən X7 qəbulunda olmuş, lakin T.Omarov qanunsuz və əsassız olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta törətməyi barədə xx.xx.2022-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edərkən nümayəndəsinin iştirakını təmin etməməklə müdafiə hüquqlarını təmin etməmişdir. Həmçinin, həmin protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin 100.1.4, 100.2, 100.3, 100.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi kimi hər iki halın, yəni hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi hallarının birlikdə mövcud olması faktı müəyyən edilməlidir. “İnzibati xəta haqqında protokol”un “müəyyən edildi” hissəsində: “Hüseynov Orxan Vəkil oğlunun əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması müəyyən edilmişdir” göstərilmiş, həmin maddə ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün obyektiv cəhətin zəruri əlaməti olan işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında qanun pozuntularına yol verilməsi halları aşkar edilməmişdir. Əslində isə, Hüseynov Orxan Vəkil oğlu 24 fevral 2018-ci ildən 22 avqust 2022-ci ilə kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi müddətdə 95 (doxsan beş) gün ödənişli məzuniyyət hüququna malik olduğu halda, ona 95 (doxsan beş) gün əvəzinə 96 (doxsan altı) gün ödənişli əmək məzuniyyəti və ya istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilmişdir. Hüseynov Orxan Vəkil oğlunun son haqq-hesabı sonuncu iş günü, yəni xx.xx.2022-ci il tarixdə ona ödənilmişdir. Lakin xx.xx.2022-ci ildə mühasibatlıq tərəfindən Hüseynov Orxan Vəkil oğlunun ayda 21 gün deyil, 36 gün məzuniyyət hüququnun olması əsas gətirilərək ona səhfən əlavə ödəniş edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi X11 tərəfindən Hüseynov Orxan Vəkil oğlunun şikayət ərizəsi üzrə araşdırma aparılarkən onun əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla heç bir qanun pozuntularına yol verilməsi halları aşkar edilmədiyi halda, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığı halda, "xxxx" QSC-nin baş direktoru kimi guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətam törətməyi barədə qanunsuz və əsassız olaraq 17 oktyabr 2022-cu il tarixli M№ ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmiş və həmin protokola əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 28 oktyabr 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli Qərarı ilə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1000 manat cərimə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxsin nümayəndəsi X4 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X8 bildirmişdir ki, Hüseynov Orxan Vəkil oğlu X5 müraciət edərək 2021-ci il üçün nəzərdə tutulmuş məzuniyyətdən 11 gün qaldığını, 2022-ci il üçün 34 gün məzuniyyət təyin edildiyini, cəmi 45 gün məzuniyyətinin olduğunu, 2022-ci ilin avqustun 21-i son günü olduğunu bildirib ümumi kompensasiya və maaşla birlikdə ona nə qədər məbləğ ödənilməli olduğunu bilmək istədiyini qeyd etmişdir. Həmin müraciət əsasında idarənin əməkdaşları tərəfindən araşdırma aparılmış və həmin araşdırma nəticəsində inzibati xəta haqqında protokol və müvafiq qərar qəbul edilmişdir. Belə ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, 22 avqust 2022-ci il tarixdə Hüseynov Orxan Vəkil oğlunun əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesabın bir hissəsi həmin gün ödənilmiş, 41 manat isə 23 avqust 2022-ci il tarixdə ödənilmişdir. Lakin 22 sentyabr 2022-ci il tarixində müəssisənin direktoru tərəfindən 27 təqvim gününə görə kompensasiya verilməsi barədə daxili əmr verilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Hüseynov Orxan Vəkil oğlunun əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı qərardan görünür ki, "xxxx" QSC-nin direktoru X6 Cəmiyyətin keçmiş işçisi Hüseynov Orxan Vəkil oğlunun əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Hüseynov Orxan Vəkil oğlu ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin 4.27-ci bəndinə əsasən işçinin əsas məzunuyyətinin müddəti 21 təqvim günüdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 663/A saylı əmrin surətindən görünür ki, Hüseynov Orxan Vəkil oğlunun işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsi əsas götürülərək onunla bağlanmış 24 fevral 2018-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Hüseynov Orxan Vəkil oğluna "xxxx" QSC tərəfindən 1051 manat və 41 manat ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" QSC-nin vəzifəli şəxsi, QSC-nin direktoru X2 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına və onun inzibati qaydada tənbeh edilməsinə, Hüseynov Orxan Vəkil oğlunun 2021-ci il üçün nəzərdə tutulmuş məzuniyyətdən 11 gün qaldığını, 2022-ci il üçün 34 gün məzuniyyət təyin edildiyini, cəmi 45 gün məzuniyyətinin olduğunu, 2022-ci ilin avqustun 21-i son günü olduğunu bildirib ümumi kompensasiya və maaşla birlikdə ona nə qədər məbləğ ödənilməli olduğu barədə X9 Xidmətinə etdiyi müraciət əsas olmuşdur. Qeyd olunan müraciət əsasında aparılan araşdırma nəticəsində 17 oktyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, protokola X9 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X10 tərəfindən baxılaraq qəbul olunmuş 28 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X6 barəsində 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.1-61.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 112.1.1-112.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən: işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması təmin edilməmişdir. Belə ki, barəsində icraat aparılan X2 nümayəndəsinin izahına görə, Hüseynov Orxan Vəkil oğlunun məzuniyyət müddəti əmək müqaviləsi ilə 21 gün nəzərdə tutulmuş və ona son haqq-hesabı sonuncu iş günü, yəni xx.xx.2022-ci il tarixdə ona ödənilmişdir. Lakin xx.xx.2022-ci ildə mühasibatlıq tərəfindən Hüseynov Orxan Vəkil oğlunun ayda 21 gün deyil, 36 gün məzuniyyət hüququnun olması əsas gətirilərək ona səhfən əlavə ödəniş edilmişdir. Göründüyü kimi, barəsində icraat aparılan şəxsin irəli sürdüyü dəlillər X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən ətraflı araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsindəki 28 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı qərar ləğv edilsin və və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar