Məhkəmə qərarları › İş №3(006)-4100/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4100/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4100/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə X3 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində avtobusdan düşdükdən sonra polis əməkdaşları ona yaxınlaşaraq avtobusda maskadan istifadə etmədiyini bildirmiş, o da avtobusdan düşdükdən sonra maskanı çıxartdığını desə də, bu hal nəzərə alınmamışdır. Polis əməkdaşı onun barəsində protokol tərtib edəcəyini, lakin qərar qəbul edilməyəcəyini bildirsə də, sonra ona məlum olmuşdur ki, polis əməkdaşı tərəfindən aldadılmış və cərimə edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru R.Bayramov tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. O, heç bir araşdırma aparılmadan xx.xx.2021-ci il tarixli qərarla 20-ci polis bölməsinin rəisi V.Abdullayev tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi üzrə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Protokol onun iştirakı ilə tərtib edilməmişdir. Halbuki, saxlanıldığı təqdirdə yerində hal şahidlərinin iştirakı ilə protokol tərtib edilməli və protokola imza etməkdən imtina etdiyi halda bu barədə qeyd yazılmalı və protokolun surəti ona təqdim edilməli idi. Həmçinin protokol tərtib edilərkən sübutlar əlavə edilməli idi. İş materiallarından da aydın olur ki, onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulmasına dair heç bir sübut yoxdur. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli, EPQ ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Təxirə salınmış məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 həmin tarixdə ünvan 1 ünvanda İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi aşkar olunur; - xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); - inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); - inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); - inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); - inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı (106.0-cı maddə). Məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, işə baxılarkən müəyyən edilmiş hallar göstərilməmiş, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar