Məhkəmə qərarları › İş №3(006)-4106/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4106/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4106/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X2, şikayətçi X4 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 10:24-də özünə məxsus olan **-DX-*** nömrə nişanlı “Opel Astra” markalı avtomobillə H.Əliyev küçəsi istiqamətindən Xan Şuşinski küçəsi ilə hərəkət edib Mövsüm Sənani küçəsinə dönmüşdür. Bu yol kəsişməsində sağa dönməyə heç bir qadağanedici nişan və nişanlanma xəttinin olmadığını görüb əminliklə M.Sənani küçəsinə dönmə əməliyyatı etmişdir. Bir neçə metr irəli sürəndən sonra DYP əməkdaşı baş serjant X1 və baş serjant X3 avtomobilini saxlayaraq ona “giriş qadağandır” nişanının tələbini pozduğunu demiş, o da həmin vaxt onlara həmin küçəyə dönəndə onun qarşısında heç bir qadağan edici nişan və ya xəttin olmadığını bildirmiş, tərəfindən bu yol ayırıcına baxış keçirildikdə məlum olmuşdur ki, “giriş qadağandır 3.1” nişanı yol ayırıcının əvvəlində yox, qurtaracağında döndüyü istiqamətin uzaq sol küncündə dönmədən öncə hərəkət etdiyi X.Şuşinski küçəsinə paralel istiqamətdə (səmtdə) yol ver nişanına yapışdırılmışdır. Bundan əlavə yol ayırıcının başlanğıcında məcburi hərəkət istiqaməti 4.1.5 nişanı da yoxdur. Hər hansı bir yol kəsişməsinə daxil olmazdan öncə sürücü yolun hərəkət hissəsinin üstündə bilavasitə yolayrıcının əvvəlində sağ tərəfdə olan nişana diqqət yetirir və onun tələbinə əməl etməlidir. Onun halında hesab edir ki, bu yol kəsişməsində hərəkətin təşkilində ciddi nöqsanlar var və onun barəsində yazılmış TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.L.Hacıyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, X.Şuşinksi küçəsi ilə M.Sənani küçəsin kəsişməsində sürücüyə hər hansı bir istiqamətə doğru hərəkəti qadağan edən nişan quraşdırılmamışdır. Həmçinin qarşıdan və sağdan gələn nəqliyyat vasitələri üçün nə bir qadağan edici nə də üstünlük nişanı quraşdırılmamışdır. Belə olan halda sürücülər eyniəhəmiyyətli yollarda nizamlanmayan yol ayırıclarında olduğu kimi sağdan gələni buraxaraq istənilən istiqamətə dönə bilərlər, lakin bu kəsişmənin bir hissəsində, özüdə yolun sol tərəfində tək-tənha 3.1 “Giriş qadağandır” nişanı quraşdırılıb, həmin nişanın qurulduğu yer qaydalara ziddir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 61.7-ci maddəsinə əsasən xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. Belə ki, sürücülər yol sağ tərəfində hərəkət edirlər, nişanı vaxtında görmədikləri üçün qayda pozuntusu yaranır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi E.M.Qanbayev izahatında bildirmişdir ki, M.Sənani və X.Şuşinski küçələrində yol birtərəflidir, yolun kənarında “Giriş qadağandır” işarəsi qoyulduğu halda şikayətçi R.L.Hacıyev həmin işarəsinə məhəl qoymadan hərəkətini davam etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini, DVD diskdə olan videogörüntüləri, foto-şəkilləri və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.L.Hacıyev xx.xx.2023-cü il tarixdə, saat 10:24-də ünvan 1 ünvanında “Opel Astra” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 4106/2023 saylı qərardadından görünür ki, R.L.Hacıyevin vəsatəti təmin olunaraq inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, R.L.Hacıyev tərəfindən Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət məhkəmə icraatına qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, həmin görüntü şikayətçi R.L.Hacıyev tərəfindən qeydə alınmışdır. X.Şuşinksi küçəsi ilə M.Sənani küçəsin kəsişməsində sürücüyə hər hansı bir istiqamətə doğru hərəkəti qadağan edən nişan quraşdırılmamışdır. Həmçinin qarşıdan və sağdan gələn nəqliyyat vasitələri üçün nə bir qadağan edici nə də üstünlük nişanı quraşdırılmamışdır. Lakin həmin kəsişmənin bir hissəsində, yolun sol tərəfində tək-tənha 3.1 “Giriş qadağandır” nişanı quraşdırılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, R.L.Hacıyev xx.xx.2023-cü il tarixdə, saat 10:24-də ünvan 1 ünvanında “Opel Astra” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, R.L.Hacıyevin xx.xx.2023-cü il tarixdə hərəkətdə olduğu X.Şuşinksi küçəsi ilə M.Sənani küçəsin kəsişməsində sürücüyə hər hansı bir istiqamətə doğru hərəkəti qadağan edən, qarşıdan və sağdan gələn nəqliyyat vasitələri üçün nə bir qadağan edici nə də üstünlük nişanı quraşdırılmamış, həmin kəsişmənin bir hissəsində yolun sol tərəfində tək-tənha 3.1 “Giriş qadağandır” nişanı quraşdırılmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 61.7-ci maddəsinə əsasən yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar. Bununla da, məhkəmə hesab edir ki, R.L.Hacıyevin barəsində polis əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar X.Şuşinksi küçəsi ilə M.Sənani küçəsin kəsişməsində sürücüyə hər hansı bir istiqamətə doğru hərəkəti qadağan edən, qarşıdan və sağdan gələn nəqliyyat vasitələri üçün nə bir qadağan edici nə də üstünlük nişanı quraşdırılmaması, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 61.7-ci maddəsi nəzərə alınmadan, Bakı Şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaqla inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhər BPİ-nin DYPİnin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar