Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4107/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 25 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:30-da Şəxs (VÖEN: **********) yoxlama zamanı yaranan suallara yazılı izahat verməmiş, şifahi cavablandırmamış, təhrif olunmuş məulmat vermişdir. Həmçinin izahat verməsinə imkan verməməklə yoxlamaya mane olmuşdur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onlarln iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin “X2nin keçirilməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli, **********9250 saylı qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 163D ünvanında yerləşən, Şəxs (VÖEN: **********) məxsus obyektdə (“Butik Parfum”) xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri ilə bağlı plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli, KY242169322 saylı çıxarışın surətindən görünür ki, Şəxs məxsus ixtisaslaşdırılmış mağazalarda kosmetika və ətriyyat mallarının pərakəndə satışı obyektində yoxlama xx.xx.2024-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə bitmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs məxsus (VÖEN: **********) Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 163D ünvanında fəaliyyət göstərən “Boutiqe Parfum” adlı obyektdə X2 tədbiri həyata keçirilməsi tapşırılmışdır. X2 zamanı obyektdə çalışan (xadimə vəzifəsi) X1 əmək müqaviləsi bildirişi olmadan çalışdığı müəyyən olunmuş, Mirzəyeva Elmiranın mağazada həftənin 5 günü çalışaraq ayda 80 manat ödəniş aldığını bildirsə də, sonradan məlumatları təhrif edərək Mirzəyeva Elmiranın obyektdə çalışmadığını, xalası olduğunu, ara-sıra gəlib təmizlik işlərində kömək etdiyini, lakin Elmira xanımın telefon nömrəsini bilmədiyini qeyd etdi. Mirzəyeva Elmira gözlərinin zəif olması səbəbindən yazılı izahat verə bilməyəcəyini, lakin izahat yazılarsa imzalamağa imtina etmədiyini bildirmişdir. Şəxs izahatında bu məlumatların yalan olduğunu, həm Mirzəyeva Elmiranın və həm də vergi ödəyicisi kimi özünün izahat verməyəcəyini bildirərək, yoxlamanın keçirilməsinə mane olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir; 20.3-cü maddəsinə əsasən yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır; 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır; 20.7-ci maddəsinə əsasən yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir. Yoxlayıcı tərəfindən bu Qanunun 20.1-ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu Qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu Qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır; 20.8-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən fiziki şəxslər də vəzifəli şəxslər hesab edilirlər. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4107/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4107/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver