Məhkəmə qərarları › İş №3(006)-4110/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4110/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4110/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Qərardan şikayət vermiş şəxs: X2 iştirakları ilə X2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, avçarka iti saxlayır, gündə bir-iki dəfə onu həyətə çıxarır. Bununla bağlı qonşusu X4 ona bir neçə dəfə hədə-qorxu gəlmişdir. xx.xx.2022-ci il tarixdə sahə inspektoru Vüqar Mirzəyev onu 21-ci polis bölməsinə çağırmış, o da qızı ilə birlikdə ora getmişdir. V.Mirzəyev bildirmişdir ki, Turan İsgəndərov onun barəsində şikayətlə müraciət edib və guya onun iti ona yüngül bədən xəsarəti yetirib. O da bu barədə ekspert rəyinin olubolmadığını soruşanda, sahə inspektoru belə rəyin olduğunu bildirsə də, bu sənədi ona təqdim etməmişdir. Daha sonra V.Mirzəyev ona izahat yazmalı olduğunu bildirəndə, o, latın qrafikası ilə yazı yaza bilmədiyini söyləmiş, lakin sahə inspektoru təkidlə öz sözləri ilə qızına izahat yazdırmış və ona qol çəkdirmiş və MN 13476210 saylı protokol tərtib edib qərar qəbul edilmiş, ondan 200 cəriməni 10 gün müddətində ödənilməsi tələb olunmuşdur. Qeyd olunanları nəzərə alaraq sözügedən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, MN 13476210 saylı inzibati xəta haqında protokolda qeyd olunur ki, X3 ictimai yerdə buruntaqsız it gəzdirmişdir; - xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.3-cü maddəsi ilə (it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına görə) təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. Məhkəmədə müəyyən edilir ki, X3 barəsində ictimai yerdə buruntaqsız it gəzdirdiyinə görə xx.xx.2022-ci il tarixli, MN 13476210 saylı inzibati xəta haqında protokol tərtib edilsə də, qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, İnzibati Xətalar Məcəlləsinin 290.1.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törətməsinə görə (it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlamaqda) təqsirli bilinərək cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar