Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4116/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi – Nümayəndə2 Asimovnanın iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 95.000 Avro məbləğində vəsaiti 24 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 95.000 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 Asimovna izahatında bildirdi ki, avtomobilin alqı-satqısına dair Almaniyada fəaliyyət göstərən “AG Rubin Group EOOD” şirkəti ilə xx.xx.2022-ci il tarixdə müqavilə imzalamışdır. Bu müqavilə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, İV-0259 saylı invoys əsasında Mercedes Benz GLS 400d 4 MATİC 2022 alınması üçün həmin şirkətin hesabına xx.xx.2022-ci il tarixdə 95000 Avro məbləğində pul göndərilmişdir. “AG Rubin Group EOOD” şirkəti sifariş verilmiş bu avtomobili qısa müddət ərzində göndərəcəyini bildirsə də, bir müddət sonra beynəlxalq yük daşımada bəzi ləngimələrin olduğunu deyərək məsələni 2022-ci ilin sonuna kimi həll edəcəyini söyləmişdir. Lakin bu müddət bitəndən sonra da avtomobillər göndərilməmiş və MMC həmin şirkətlə əlaqə qurub məsələni aydınlaşdırmaq istəmişdir. Ancaq bu bir nəticə verməmiş, qarşı tərəflə əlaqə yaratmaq mümkün olmamışdır. Aldadıldıqlarını başa düşüb işin hüquq çərçivəsində həll olunması üçün Almaniyada fəaliyyət göstərən vəkil ilə müqavilə bağlamışdır. Həmin vəkil də cinayət faktı ilə bağlı polisə müraciət etmişdir. Məsələ ilə bağlı hazırda Almaniyada araşdırma aparılır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: İş materiallarında olan "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış OUT-2024/08/28-68 nömrəli məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, Şəxs MMC (VÖEN: **********) xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 24 avqust 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 95.000 Avro məbləğində vəsaitin ölkə xaricinə köçürülməsi üçün "xxxx" QSCyə müraciət etmişdir. İş materiallarında olan №129/0822/42, 01 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Almaniyada fəaliyyət göstərən “AG Rubin Group EOOD” şirkəti ilə EDELVEİSS-A” MMC müqavilə imzalamışdır. Bu müqavilə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, İV-0259 saylı invoys əsasında istehsal ili 2022-ci il olan “Mercedes Benz GLS 400d 4 MATİC” markalı avtomobil alınması üçün həmin şirkətin hesabına 95000 Avro məbləğində pul göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-3687/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola xitam verilmişdir. İşdə iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC “Mercedes Benz GLS 400d 4 MATİC” markalı avtomobil alqı-satqısına dair Almaniyada fəaliyyət göstərən “AG Rubin Group EOOD” şirkəti ilə 01 avqust 2022-ci il tarixdə müqavilə imzalamışdır. Bu müqavilə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, İV-0259 saylı invoys əsasında “Mercedes Benz GLS 400d 4 MATİC” markalı avtomobilin alınması üçün həmin şirkətin hesabına 95000 Avro məbləğində pul göndərilmişdir. Lakin, “AG Rubin Group EOOD” şirkəti sifariş verilmiş bu 2 avtomobili müəyyən edilmiş vaxt ərzində göndərmədiyindən MMC aldadılğını başa düşüb işin hüquq çərçivəsində həll olunması üçün Almaniyada fəaliyyət göstərən vəkil ilə müqavilə bağlamış, sonuncu da dələduzluq cinayəti ilə bağlı polisə müraciət etmiş, bu barədə də Almaniyanın Şlezviq-Holşteyn Polis İdarəsinin Lübek şəhərinin 4-cü polis şöbəsində də müvafiq araşdırma aparılır. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs MMC-nin təqsiri müəyyən olunmur (bu qurumun iradəsindən asılı olmayan səbəblərdən baş verdiyinə görə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən köçürülmüş vəsait tam ödənilmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğ müqabilində malların idxal olunmaması kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun müqabilində malların idxal edilməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4116/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4116/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver