Məhkəmə qərarları › İş №3(006)-4121/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4121/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4121/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: E.Ə.Şirinzadə şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin Texniki Təmir və Tikinti şöbəsinin, texniki işçi vəzifəsini icra edən X4 iş qrupunda olarkən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Megastore” mağazasında elektrik enerjisinin kəsilməsi barədə məlumat almışdır. Bundan sonra R.G.Manafov heç bir göstəriş olmadan baxış keçirmək üçün elektrik panelinə yaxınlaşaraq əlini panelin içərisinə uzadarkən sağ əlinin elektrik naqilinin açıq hissəsinə dəyməsi nəticəsində cərəyanın təsirinə məruz qalmış, özünü pis hiss etdiyindən mağazanın arxa tərəfinə keçərək huşunu itirmişdir. Bunu görən iş yoldaşları onu dərhal müayinə olunması üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmış və orada müayinə olunduqdan sonra iş yerinə qayıdaraq yenidən əmək funksiyalarının davam etdirmişdir. Əlavə olaraq cəmiyyət tərəfindən ətraflı müayinə olunması üçün “Medicare” Klinikasına aparılmış və səhhətində hər hansı bir narahatçılıq aşkar edilməmişdir. İşçinin də izahatından göründüyü kimi, heç bir şikayəti yoxdur və işin təhlükəsizliyi barədə təlimatlandırılmışdır. Eyni zamanda işçi lazimi tədbiri almışdır. Hadisənin törədə biləcəyi fəsadlara qarşı lazımi tədbirlər dərhal görülmüşdür. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi H.A.Quliyev şikayətlə razılaşmayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 1.3.3, 1.3.4, 1.3.9-cu bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Megastore super marketin elektrik lövhəsində texniki nasazığın olub-olmamasının yoxlanması işləri ilə əlaqədar R.G.Manafov elektriki izoləedici əlcəklər ilə təmin olunmadığına görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 1.3.3, 1.3.4, 1.3.9-cu bəndlərinin tələbləri faktiki olaraq işlərə rəhbərlik edən şəxs, yəni E.Ə.Şirinzadə tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. Həmin rəy əsasında Abşeron rayon prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə E.Ə.Şirinzadənin barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərar qəbul edilmiş və tənbeh tətbiq edilməsi üçün həmin qərar X6 göndərilmişdir. Göstərilənləri və şikayətin əsassız olmasını nəzərə alaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi E.Ə.Şirinzadəyə lazımi qaydada məlumat verilsə də, şikayətçi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, E.Ə.Şirinzadənin qeydiyyatda olduğu Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsi 056 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 3 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş poçt göndərişi zərfindən görünür ki, ünvan 2ildiriş göndərilmiş, lakin “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, E.Ə.Şirinzadənin qeydiyyatda olduğu Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsi 056 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 9 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş poçt göndərişi zərfindən görünür ki, ünvan 2ildiriş göndərilmiş, lakin “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, E.Ə.Şirinzadənin qeydiyyatda olduğu Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsi 056 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 2 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş SMS xəbardarlığı AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, şikayətçi E.Ə.Şirinzadəyə məxsus ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi E.Ə.Şirinzadənin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, şikayətçinin ünvanı ərizəsində qeyd edilən ünvan 2ildirişlər göndərilmiş və şikayətçi E.Ə.Şirinzadənin iştirakının təmin edilməsi üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə proses iştirakçısının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin təmir işçisi R.G.Manafovu xx.xx.2023-cü il tarixdə təmir işləri görən zaman elektrik vurmuş, lakin səhhətində heç bir problem yaranmamışdır. Bununla yanaşı əməyin mühafizəsi üzrə standartların normaları və qaydalarının tələblərinə əməl edilməmişdir. Bununla da, "xxxx" MMC-nin direktoru E.Ə.Şirinzadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/2034 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 1.3.3, 1.3.4, 1.3.9-cu bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Megastore super marketin elektrik lövhəsində texniki nasazığın olub-olmamasının yoxlanması işləri ilə əlaqədar R.G.Manafov elektriki izoləedici əlcəklər ilə təmin olunmadığına görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 1.3.3, 1.3.4, 1.3.9-cu bəndlərinin tələbləri faktiki olaraq işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon prokuroru Q.Ş.Qasımovun xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarından görünür ki, E.Ə.Şirinzadə barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material baxılması üçün Dövlət Müfəttişliyi Xidmətinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Təmir şöbəsinin müdirinin vəzifə təlimatından görünür ki, təmir şöbəsinin müdiri elektrik, pnevmatik əl alətləri ilə təhlükəsiz iş üsul və qaydalarına riayət etməklə işləməyi yığma əməliyyatını apararkən hissələrdə uzlaşmanın (biri-birinə oturdulması) yerinə yetirilməsi üçün müvafiq işləri yerinə yetirməlidir. Təmir şöbəsinin müdiri öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi pozuntulara görə Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericilyi çərçivəsində məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin Texniki təmir şöbəsinin rəisi vəzifəsində işləyən E.Ə.Şirinzadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 1.3.3, 1.3.4, 1.3.9-cu bəndlərinin tələblərinə riayət etməmiş, elektrik, pnevmatik əl alətləri ilə təhlükəsiz iş üsul və qaydalarına riayət etməklə işləməyi yığma əməliyyatını apararkən hissələrdə uzlaşmanın (biri-birinə oturdulması) yerinə yetirilməsi üçün müvafiq işləri yerinə yetirməmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş əməyin mühafizəsi üzrə standartları, normaları və qaydalarını pozmuş, nəticədə xx.xx.2023-cü il tarixdə “Megastore” super marketində R.G.Manafovu elektrik cərəyanı vurması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Bundan sonra baş vermiş hadisə Abşeron rayon prokurorluğunda araşdırılmış, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar qəbul edilərək araşdırılmasıüçün X8 Xidmətinə göndərilmişdir. Bundan sonra X8 Xidmətində araşdırılma aparılmış və "xxxx" MMC-nin Texniki təmir şöbəsinin rəisi vəzifəsində işləyən E.Ə.X7 Məcəlləsinin 198.1.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, E.Ə.Şirinzadə tərəfindən “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 1.3.3, 1.3.4, 1.3.9-cu bəndlərinin tələblərinə riayət edilmədiyindən və vəzifə təlimatına uyğun olaraq üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirilmədiyindən onun barəsində Əmək Müfəttişliyi Xidməti tərəfindən qanuni olaraq xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.1.1-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan E.Ə.Şirinzadənin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar