Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4129/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X3 iştirakları ilə Bakı şəhəri Bakı Şəhər X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/14598305 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 barəsində Bakı Şəhər X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/14598305 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19:10 radələrində telefonuna cərimə olunması ilə bağlı SMS məlumat daxil olmuşdur. Daha sonra “ASAN” ödəniş sistemində olan elektron kabinetinə daxil olduqda EQ 14598305 saylı inzibati tənbeh vermə haqqnda qərar olduğunu görmüşdür. Qərarda bildirilir ki, guya o, ünvan 1 ünvanda İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozmuşdur. Onun qeyd olunan qərardan verdiyi şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 3(006)-3035/2023 saylı qərarı ilə qismən təmin olunmuş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları qərarı xx.xx.2023-cü il tarixdə qəbul etdikdən sonra onu aidiyyati üzrə Baş X8 İdarəsinə göndərmişlər. O, həmin İdarəyə getmiş, orada 108-ci otaqda işləyən “Nicat” adlı şəxs hadisənin baş verdiyi yolda nişanın olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Daha sonra həmin şəxs rəisi ilə telefonla danışaraq bu qərara baxmağını xahiş etmişdir. Rəis əraziyə və nişanlara baxış keçirmədən telefonda “saxlayın” əmri verərək qərarı qüvvədə saxlamışdır. Dəfələrlə Baş X8 İdarəsinə getməyinə baxmayaraq həmin sənədi ala bilməmişdir. Uzun müddətdən sonra gedib bir daha nəticəni öyrənmək istədikdə, ona xx.xx.2023-cü il tarixli və “yeni” EQ/14598305 saylı qərar qəbul olunduğu bildirilmişdir. O, qərarın nömrəsinin köhnə qərarla eyni olmasını və həmin qərarı hakimin ləğv etdiyini bildirdikdə, hərflərin yanında əyri xətt işarəsinin olması göstərilərək onun yeni olduğu qeyd edilmişdir. Həmin ərazidə dayanmanı və durmanı qadağan edən 3.27-3.30 nişanları və onlarla birlikdə istifadə olunan 1.4 nişanlanma xətti yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində dayanma və durmanı qadağan edəcək şərtlərdən heç biri ödənilməmişdir. Eyni zamanda həmin Qanunun 53-cü maddəsində parklanma qaydaları barəsində məlumat verilərkən parklanma yerlərinin 5.15 yol nişanı və 7.6.1-7.6.9 əlavə məlumat lövhələri ilə müəyyən olunduğu, bu nişanlar olmadıqda isə nəqliyyat vasitəsini yola paralel saxlamaq lazım olduğu bildirilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı Şəhər X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/14598305 saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğu üçün onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə şikayətçi X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, EQ 14598305 saylı inzibati tənbeh vermə haqqında qərarla ünvan 1 ünvanda “Toyota Camry” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə dayanma qaydaları pozulduğuna görə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunmuşdur; Fotoşəkillərdən görünür ki, “Toyota Camry” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında durur, yolun hərəkət hissəsinin kənarında nişanlanma xətti olsa da, orada dayanmanı qadağan edən 3.27 nişanı görünmür; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 3(006)- 3035/2023 saylı qərarına əsasən Bakı Şəhər X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14598305 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir; Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/14598305 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin Vİ hissəsinə əsasən 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında nəqliyyat vasitələrinin dayanması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhər X8 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı başqa bir təkzibedilməz dəlil olmadan, habelə mövcud olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 3(006)-3035/2023 saylı qərarında göstərilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək prosessual pozuntular aradan qaldırılmadan işə baxılmışdır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/14598305 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/14598305 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4129/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4129/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver