Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4138/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X7 İdarəsi tərəfindən tərəfindən tərtib edilmiş 25 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 25 avqust 2023-cü il tarixdə Nəsimi rayonu, S.Vurğun 58 ünvanında yerləşən mağazada planlı-yanğın texniki müayinə keçirən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin əməkdaşları tərəfindən yoxlama keçirilməsinə dair bildiriş verilmiş, lakin onun özü orada olmadığı üçün mağazanın işçiləri həmin bildirişə imza etməmişlər. Belə ki, bildiriş təqdim olunan gündən 2 gün əvvəl o təsadüfən işləri ilə əlaqədar rayona getmişdir. Hər zaman özü mağazada olduğu üçün şəxsiyyət vəsiqəsi və digər sənədlər ona aid seyfdə saxlanılır. Yoxlamanın tez bir zamanda keçiriləcəyini bilmədiyi üçün rayondan gec qayıtmış və həmin qurumun əməkdaşlarına şəxsiyyət vəsiqəsini təsdiq edən sənədi və digər tələb olunan sənədlər təqdim olunmamışdır. Bu səbəbdən də barəsində protokol tərtib olunmuşdur. İzahatının sonunda tərəfindən inzibati xəta törədilmədiyini, sənədlərin təqdim olunmamasının səbəbinin həmin sənədlərin seyfdə olduğunu və seyfin açarının işçilərdə olmadığından verilə bilmədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X7 Xidməti 2-ci ərazi X7 İdarəsinin böyük inspektoru X4 izahatında bildirdi ki, tərəflərindən yoxlamaya gedən zaman mağaza sahibi X3 orada olmamışdır. Obyektdə yoxlama keçirilən zaman işçilər onlara mane olmamışlar, sadəcə olaraq Əjdər Tağıyevin şəxsiyyət vəsiqəsi və tələb olunan sənədlər təqdim olunmamışdır. Əgər şəxsiyyət vəsiqəsi təqdim olunsaydı İXM-nin 518.1-ci maddəsi ilə protokol tərtib olunardı. Göstərdiklərinin nəzərə alnmasını və protokol əsasında müvafiq qərar qəbul olunmasını xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X2 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” çıxarışından və “Yanğın-texniki müayinənin aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 3626 nömrəli qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən obyektdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən obyektdə planlı yanğın-texniki müayinə keçirilən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirməyə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməmiş, o, dəvət edilməmiş, izahatı alınmamışdır. İXM-nin 31.1.2-ci maddəsinə əsasən izahat vermək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. İXM-nin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir, lakin məhkəmə iclasında dindirilmiş şəxslərin izanatlarından və iş materiallarında görünür ki, X2 X7 Xidməti tərəfindən planlı yanğın texniki müayinənin keçirilməsindən məlumatı olmamış, onun iştirakı təmin edilməmiş, yoxlamaya aid sənədlərin təqdim edilə bilməməsinin səbəbi onun yoxlama keçirilən zaman rayonda olması olmuşdur. Belə ki, barəsində protokol tərtib edilmiş X3 məhkəmə iclasında izahat verərkən də ona aid şəxsiyyət vəsiqəsinin və mağazanın sənədlərinin seyfdə olması səbəbindən təqdim edilə bilməməsini bildirmiş, bunun üzürlü hesab olunmasını, qəsdən törədilmədiyini bildirmiş, planlı yanğın texniki müayinənin keçirilməsinə mağazanın işçiləri tərəfindən bütün şərait yaradıldığını və heç bir manenin törədilmədiyini vurğulamışdır. Göstərilənlərə əsasən X2 əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 25 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X7 İdarəsi tərəfindən tərəfindən tərtib edilmiş 25 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4138/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4138/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver