Məhkəmə qərarları › İş №3(006)-4140/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4140/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4140/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 vəkili Vəkil, Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X1 vəkili Bakı şəhəri 13 saylı Vəkil Bürosunun Vəkil şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X1 vəkili Vəkil məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından şikayət verərək həmin qərarın “90 gün ərzində ölkə hüdudlarından kənara çıxarılsın və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətində məhdudlaşdırılsın” hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1966-cı il tarixdə keçmiş Kazaxıstan SSR-nin Alakul rayonu, Üç-Aral kəndində anadan olmuşdur. Onun valideynləri 1944-1945-ci illərdə Stalinin repressiv aparatının qurbanları olmuş və onlar yüz minlərlə digər çeçen xalqının əhalisi ilə birgə Kazakstana məcburi olaraq sürgün olunmuşdurlar. O burada qanuni əsaslarla məskunlaşaraq qanuna müvafiq qayada müvəqqəti yaşamaq hüququ qazanmış və ona buna dair vəsiqə də verilmişdir. Beləliklə, T.Mutayeva Azərbaycan Respublikasında müvəqqəti qalmaq icazəsi alaraq burada məskunlaşmışdır. O, ardıcıl olaraq qalmaq üçün icazə sənədi almışdır. 2013-cü ildə ona qarşı oğurluq cinayəti törədilmiş və onun bütün şəxsi əşyaları, pulu, o cümlədən Rusiya Federasiyasının Vətəndaşı pasportu, miqrasiya vəsiqəsi əmlakı ilə birgə oğurlanmışdır. Bununla əlaqədar olaraq, vətəndaşı olduğu dövlətin səfirliyinə müraciət etsə də, pasport yenilənməmişdir. Daha sonra başına digər müsibətlər gəlmiş və bir neçə müddət səhhətində yaranmış problemlərlə əlaqədar uzun müddətli müalicələr almışdı. Bu illər ərzində o, burada özünə yaxın dostlar, hətta ömür-gün yoldaşı da qazanmışdır. Belə ki, o, uzun illərdir ki, Azərbaycan Respublikasının vətəndaşı X4 ilə yaxın münasibət quraraq onunla faktiki ərarvad münasibətlərindədir. Hətta onlar rəsmi nikah münasibətlərinə də daxil olmağa hazırlaşmışlar. 2019-cu ildə dünya miqyasında “COVİD-19” pandemiya böhranı başlamış və 2022-ci ilə qədər davam edən pandemiya səbəbindən öz sənəd problemləri ilə məşğul ola bilməmişdir. X2 Azərbaycan Respublikasında qaldığı müddət ərzində bir dəfə də olsun, hüquq pozuntusu törətməmiş, hüquq məsuliyyətinə cəlb edilməmişdir. O, ünvan 1 ünvanında kirayə mənzil tutmuş, orada hətta təmir işləri də aparmışdır. O, xx.xx.2023-cü ildə yaşadığı mənzildə miqrasiya xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqda daimi olaraq kirayə qaldığı mənzildə ona məxsus olan pul, bütün daşınar əşyaları, şəxsi geyim, hətta qızıl-zinət əşyaları da qalmışdır. Miqrasiya Xidmətinin əməkdaşları ona məxsus olan əşyaları belə, özü ilə aparmağa imkan verməmişdirlər. Saxlanıldıqdan sonra o, Zabrat qəsəbəsində yerləşən qanunsuz miqrasiya üzrə saxlanılan şəxslər üçün nəzərdə tutulmuş Mərkəzə aparılmış və orada təxminən 2 ay müddətində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təyyarə biletini ( 695 manat təşkil edir) öz vəsaiti hesabına alınaraq Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Azərbaycandan yola salınmışdır. Qeyd etmək lazımdır ki, Mutayeva Tumişa dövlət dilimiz olan Azərbaycan dilini mükəmməl səviyyədə bilmir və o saxlanılaraq barəsində inzibati xəta icraatı aparılarkən tərcüməçi ilə təmin olunmamışdır. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar rəsmi sürətdə ona təqdim edilməmişdir. Bu qərara əsasən, o, AR İXM-nin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmaqla, 90 gün müddətdə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması, həmçinin Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Bu inzibati tənbehlər tətbiq edilərkən isə yüngülləşdirici hallar nəzərə alınmamışdır. Qərarda AR İXM-nin 29, 114-115, 117-ci və s. maddələrinin tətbiqi göstərilsə də, həmin maddələrin rəhbər tutulması əsasları izah olunmamışdır. Halbuki, AR İXM-in 29.1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilir. Həmin məcəllənin 29.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən tətbiq edilir. Həmin məcəllənin 29.3-cü maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, qərar qəbul edilərkən səlahiyyətli orqanın vəzifəli şəxsi inzibati tənbeh tədbirlərini tətbiq edərkən işin hallarını tam nəzərə almamışdır. İXMin 23.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Qərarda göstərilmişdir ki, Mitayeva Tumişa AR İXM-nin 575.1.1-ci (575.1 Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni: 575.1.1 Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin həmin maddənin sanksiya hissəsinə nəzər yetirilsə, aydın olar ki, “Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılma” imperativ tələb deyildir. Lakin buna baxmayaraq, vəzifəli şəxs həm cərimə, həm də hüdudlardan kənara çıxma növündə tənbeh tədbiri tətbiq etmişdir və sonuncu tənbeh tədbiri tətbiq edilərkən onun ən yuxarı həddi seçilmişdir. Bütün bunlar vəzifəli şəxsin işi tam və hərtrəfli araşdırmadan inzibati tənbeh tədbirlərinin tətbiq etdiyini göstərir. Əlavə olaraq bildirmək lazımdır ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs T.Mutayeva uzun illərdir ki, qanuni qaydada Azərbaycanda qalmış, heç kəsdən gizlənməmiş və ya gizli olaraq heç bir yerdə qalmamışdır. Bütün bunlar bir daha onu göstərir ki, 2002-ci ildən ardıcıl və davamlı olaraq burada qalmaqla T.Mutayeva miqrasiya qanunvericiliyinin tələblərinə tam riayət etməsə də, əvvəllər qanuna müvafiq qaydada dövlət qeydiyyatına alınsa da, sonradan bunu etməyi unutmuşdur. Əgər onun RF vətəndaş pasportu oğurlanmasa idi, bu halda T.Mutayeva burada qalmaq üçün maneəsiz olaraq müvəqqəti yaşamaq üçün icazə sənədi ala bilərdi. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 vəkili Vəkil şikayətini əsaslandıraraq bildirmişdir ki, Tumişa Mutayeva tərəfindən inzibati xəta hadisəsi törədilmişdir, bununla əlaqədar şəxs əsaslı olaraq İXM-nin 575-ci maddəsi ilə inzibati cərimə edilmişdir. Lakin əlavə inzibati tənbehin tətbiq edilməsinə heç bir əsas olmamışdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının “90 gün ərzində ölkə hüdudlarından kənara çıxarılsın və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətində məhdudlaşdırılsın” hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, Rusiya Federasiyasının vətəndaşı xx.xx.1966-cı il təvəllüdlü Mutayeva Tumişa xx.xx.2012-ci ildən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına Dövlət Miqrasiya Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə 400 manat məbləğində cərimə olunmuş və ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Verilmiş şikayət isə əsassızdır. Belə ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemindən görünür ki, şəxs xx.xx.2011-ci il tarixdə ölkə ərazisinə daxil olmuş, lakin qanunvericiliklə müəyyən edilmiş müddətdən artıq ölkə ərazisində qalmış və ölkəni tərk etməmişdir. Şəxsin ölkə ərazisində qanuni yaşaması öz təsdiqini tapmamışdır. Şikayətə əlavə olunan AZ N 00300221 nömrəli sənəd Dövlət Miqrasiya Xidməti tərəfindən deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən şəxsə təqdim olunmuşdur. Və bu sənəd müvafiq qeydlərdən göründüyü kimi, özündə sadəcə 30 günlük qeydiyyatı əks etdirir. Şəxs 2013-cü ildən sərhədkeçmə sənədi olmadan yaşamış, yeni sənədin rəsmiləşdirilməsi ilə bağlı mənsub olduğu Rusiya Federasiyasının aidiyyatı səfirliyi tərəfindən hətta COVİD19 pandemiyasında belə, öz vətəndaşlarını pasportla təmin etdiyi halda, şikayətçinin müraciətinin təmin edilməməsi inandırıcı görünmür. O, 2012-ci ildən etibarən ölkə ərazisində olma və ya yaşamasını leqallaşdırmaq məqsədi ilə DMX-yə müraciət etməmişdir. Şikayətçi 12 ildir ki, Azərbaycanda yaşayır və şikayətdə də deyildiyi kimi, X5 ilə faktiki ər-arvad münasibətləri var. Belə olan halda onun dövlət dilini bilməməsi inandırıcı deyil. Şikayətdə barəsində inzibati tənbeh tətbiq edilən şəxsə müvafiq qərarın rəsmi şəkildə verilmədiyi bildirilmişdir. Halbuki, Elektron Məhkəmə Sisteminə əlavə olunan qərardan görünür ki, o, qərarı imzalamaqla təhvil almışdır. Şikayətdə yüngülləşdirici halın qeydə alınmaması göstərilsə də, şəxsin artıq 11 il ölkə ərazisində qanunsuz yaşaması ağırlaşdırıcı hal kimi hesab edilmişdir. Həmçinin inzibati tənbeh tədbirinin ən yüksək həddinin tətbiq edildiyi bildirilmişdir. Ölkə ərazisində 11 il qanunsuz yaşama sanksiyanın ən yüksək həddinin tətbiq edilməsinə əsas verir. Yuxarıda göstərilənləri nəzərə alaraq, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməməsini və qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Mutayeva Tumişa ilə Azərbaycan Respublikasında 20 il müddətində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamış, Tumişa bu müddət ərzində hər hansı bir qanun pozuntusu törətməmişdir. Onun Azərbaycanda münasibəti olan xeyli sayda şəxslər var. Azərbaycanda yaşadığı müddət ərzində o, heç kimdən gizlənməyib və açıq şəkildə yaşamışdır. Sənədləri oğurlanmış və pandemiya dövrü olduğu üçün oğurlanmış sənədlərini yenidən əldə edə bilməmişdi, hətta bunun üçün Rusiya Federasiyasının Səfirliyinə də müraciət etmişdir. Hal-hazırda da Tumişa ilə əlaqə saxlayır və ölkəyə qayıdacağı təqdirdə rəsmi nikaha daxil olacaqlar. Məhkəmə şikayətçinin vəkilinin, inzibati orqanın nümayəndəsinin və şahidin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 575.1.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). 21.2-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. 21.3-cü maddəsinə əsasən cnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, mn ******* saylı qərarına əsasən Mitaeva Tumişa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə uyğun olaraq, 400 manat məbləğində cərimə edilməklə 90 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla, 5 il müddətinə Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsini nəzərdə tutur. Ölkə hüdudlarından kənara çıxarılma həmin maddədə imperativ qaydada nəzərdə tutulmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində ölkə ərazisində yaşamış, bu müddət ərzində heç bir qayda pozuntusuna yol verməmişdir. Onun inzibati cərimə edilməsi ilə yanaşı, ölkə ərazisindən kənara çıxarılması və 5 il müddətinə Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılması ədalətli olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı Tumişa Mutayevanın 90 gün ərzində ölkə hüdudlarından kənara çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətində məhdudlaşdırılması hissəsində dəyişdirilməli və Tumişa Mutayeva ölkə hüdudlarından kənara çıxarılmamaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı Tumişa Mutayevanın 90 gün ərzində ölkə hüdudlarından kənara çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətində məhdudlaşdırılması hissəsində dəyişdirilsin və Tumişa Mutayeva ölkə hüdudlarından kənara çıxarılmamaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar