Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4142/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X6 Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs vəkili Nümayəndə iştirakları ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 13:50-də Şəxs ünvan 1 ünvanında yerləşən “Man Laser” epilyasiya studiyasında xüsusi razılıq (lisenziya) olmadan kosmetoloji (laser epilyasiya) fəaliyyətlə məşğul olmaqla gəlir (mənfəət) əldə etdiyi (1157,33 manat) müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:50-də Şəxs ünvan 1 ünvanında yerləşən “Man Laser” epilyasiya studiyasında xüsusi razılıq (lisenziya) olmadan kosmetoloji (laser epilyasiya) fəaliyyətlə məşğul olmaqla gəlir (mənfəət) əldə etdiyi müəyyən edilmişdir. Bununla bağlı qərar və çıxarış iş materiallarına əlavə edilmişdir. Obyektdə quraşdırılmış kassa aparatının qəbzi əsasında dəymiş zərəri hesablamışlar və Şəxs bu fəaliyyətdən 1157,33 manat gəlir əldə edildiyi müəyyən olunmuşdur. İş materiallarına obyektin fotoşəkillərini əlavə etmişlər və həmin fotoşəkillərdən də görünür ki, salonun adı “Man Laser” adlanır və obyektin üzərində hansı xidmətlər göstərildiyi yazılmışdır. Daha sonra isə o, obyektdə quraşdırılmış VS43215H51884 zavod nömrəli nəzarət-kassa aparatından alınmış dövrü hesabatı təqdim edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövriyyə üzrə ƏDV-dən azad məbləğin 6944,00 manat təşkil etdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Nümayəndə izahatında bildirmişdir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2022ci il tarixli, MN ******* saylı protokolla razı deyillər. Ümumi dövriyyə 6944,00 manat olsa da, obyektdə yalnız lazer epilyasiyası xidməti göstərilmir, həmçinin saçlara və dırnaqlara qulluq da mövcuddur, hansı ki, həmin fəaliyyətlər üçün lisenziya tələb olunmur. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında bildirmişdir ki, 2022-ci ilin sentyabr ayından ünvan 1 ünvanında yerləşən Şəxs məxsus “Gözəllik Salonu”nda saç ustası işləyir. O, müştərilərə saç, dırnaq, “make up” xidmətləri göstərir. Həmçinin, salonda lazer epilyasiyası xidməti göstərən bir işçi də vardır. Salonda işlədiyi müddət ərzində kifayət qədər müştəri saç, dırnaq və “make up” xidmətlərinə görə salona müraciət etmişdir, lakin salona lazer epilyasiyası aparatı yeni qoyulduğundan həmin xidmətə görə müraciət edən müştərilərin sayı az olmuşdur. Gündəlik gəlirin yarısı onun olmuşdur. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2022-ci il tarixli, KY221862838 saylı çıxarışdan görünür ki, Şəxs məxsus ünvan 2 ünvanında yerləşən obyektdə xx.xx.2022 - xx.xx.2022-ci il tarixdə yoxlamanın aparılmasına icazə verilir; İş materiallarında olan xx.xx.2022-ci il tarixli, DVX 000298 saylı Aktdan və fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs məxsus “Man Laser” epilyasiya studiyasında Şəxs tərəfindən xüsusi razılıq (lisenziya) olmadan kosmetoloji xidmətlərin (laser epilyasiya) göstərildiyi aşkar olunmuşdur; İş materiallarında olan ünvan 1 ünvanında yerləşən Şəxs məxsus obyektdə quraşdırılmış VS43215H51884 zavod nömrəli nəzarət-kassa aparatından alınmış dövrü hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövriyyə üzrə ƏDV-dən azad məbləğ 6944,00 manat təşkil edir; İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş nəzarət kassa aparatının **********6 saylı qeydiyyat vərəqəsindən görünür ki, Şəxs (VÖEN **********) məxsus ünvan 2 ünvanında yerləşən **********-14001 kodu olan Gözəllik Salonu təsərrüfat subyektində quraşdırılmış SUNMİ V1S markalı, VS43215H51884 zavod nömrəli nəzarət-kassa aparatı qeydiyyatdan keçirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın zəruri tərkib əlaməti kimi qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ziyanın vurulması və ya gəlirin əldə edilməsi nəzərdə tutulmuşdur. Bu zaman vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı əməlin inzibati və ya cinayət məsuliyyətinə səbəb olmasının müəyyən edilməsi üçün zəruri şərtdir. Digər tərəfdən, maddənin sanksiyasında tətbiq ediləcək cərimə də vurulmuş ziyanın (əldə edilmiş gəlirin) misli ilə müəyyən edilmişdir. Lakin Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun xüsusi razılıq (lisenziya) olmadan kosmetoloji (laser epilyasiya) fəaliyyətlə məşğul olmaqla 1157,33 manat gəlir (mənfəət) əldə etdiyi göstərilsə də, bunu əsaslandıran sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs məxsus ünvan 2 ünvanında yerləşən gözəllik salonunda yalnız lazer epilyasiyası xidməti göstərilmir, həmçinin lisenziya tələb edilməyən digər xidmətlər də mövcud olmuşdur. Belə olan halda vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı müəyyən edilmədən ümumiyyətlə inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Hazırkı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda və ona əlavə edilmiş sənədlərdə barəsində icraat aparılan şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirin miqdarı, qanunsuz sahibkarlıq fəaliyyətinin hansı dövrü əhatə etməsi kimi iş üçün zəruri olan məlumatlar öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4142/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4142/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver