Məhkəmə qərarları › İş №3(006)-4144/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4144/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4144/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi (indiki Xaçmaz Gömrük İdarəsi) tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli, EP ******* (01400/01855) saylı inzibati təbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi (indiki Xaçmaz Gömrük İdarəsi) tərəfindən 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 20.000 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 10.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan 12 sentyabr 2024-cü il tarixdə icra mərhələsində məlumatı olmuşdur. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilən onu Şimal Ərazi Gömrük İdarəsinə çağırması ilə bağlı məlumat tamamilə yanlışdır. Ona bu günə qədər heç vaxt bildiriş gəlməmişdir. Baxmayaraq ki, o, uzun müddətdir mal idxal-ixracı ilə məşğul olur və VÖEN-lə bağlı olan bütün sənədlərdə onun mobil nömrəsi var. Digər tərəfdən onun barəsində inzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas olmuş 24 sentyabr 2021-ci il tarixli, **********7322 saylı, xx.xx.2021-ci il tarixli, **********2167 və **********166 saylı, xx.xx.2021-ci il tarixli, **********3027 saylı gömrük bəyannamələrinə görə respublikadan ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 22.202,64 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülməsinin təmin edilməməsi olmuşdur. O, həmin yüklərlə bağlı respublikadan kənara apardıqları yüklərə görə vəsait üzürlü səbəbdən ölkəyə geri gətirilməməsini bildirmişdir. Belə ki, müqavilələrdən də göründüyü kimi 2021-ci ilin sonlarında göndərilən yüklərə görə vəsait 180 gündən sonra geri qaytarımalı idi. O, 22 fevral 2022-ci il tarixdə Rusiya ilə Ukrayna arasında baş verən müharibədən sonra Rusiya Federasiyasına tətbiq edilən sanksiyalara görə dollarla pul vəsaitinin köçürülməsində problemlər yaranmağa başladığını bildirmişdir. Rusiya Federasiyasında olan tərəfdaşları pul vəsaitini göndərmək istəsələr də, valyuta sahəsində tətbiq edilən sanksiyalar onların ticarət münasibətlərinə kəskin təsir göstərmişdir. Ona görə də Rusiya Federasiyasından olan tərəfdaşları pul vəsaitini yalnız müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-cü il tarixlərində göndərə bilmişlər. Pul vəsaitinin geri göndərilməməsində onun Azərbaycan Respublikasının qanunlarına məhəl qoymamaq kimi bir niyyəti olmamışdır. Bu tamamilə yaranmış obyektiv vəziyyətlə əlaqədar olmuşdur. Şimal Ərazi Baş Gömrük İdarəsi də bunu nəzərə almamışdır. Həmçinin ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan ən ağır inzibati tənbehi tətbiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi (indiki Xaçmaz Gömrük İdarəsi) tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli, EP ******* (01400/01855) saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi (indiki Xaçmaz Gömrük İdarəsi) tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli, EP ******* (01400/01855) saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi (indiki Xaçmaz Gömrük İdarəsi) tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli, EP ******* (01400/01855) saylı inzibati təbeh vermə haqqında qərara əsasən xx.xx.2023-cü il tarixdə VAİS-ə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “Hesabat və təhlillər” alt bölməsindəki “Konsiqnasiya üzrə hesabat siyahı” sorğusu əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan - X1 Ərazi Baş Gömrük İdarəsinə ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə xx.xx.2021-ci il tarixli, **********322 saylı, xx.xx.2021-ci il tarixli, **********2166 və **********2167 saylı və xx.xx.2021-ci il tarixli, **********3027 saylı gömrük bəyannamələri üzrə ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 22.202,64 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Bu səbəbdən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Cinayət Məcəlləsinin 208ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarını rəhbər tutaraq İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20.000 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 10.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət müəyyən edir. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “Hesabat və təhlillər” alt bölməsindəki “Konsiqnasiya üzrə hesabat siyahı sorğusu əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan - X1 Ərazi Baş Gömrük İdarəsinə ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə xx.xx.2021-ci il tarixli, **********322 saylı, xx.xx.2021-ci il tarixli, **********2166 və **********2167 saylı və xx.xx.2021-ci il tarixli, **********3027 saylı gömrük bəyannamələri üzrə ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 22.202,64 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etmədiyinə görə o, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 20.000 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 10.000 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla belə, X3 barəsində inzibati tənbeh tətbiq edilərkən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddi olan inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizi deyil, məhz 50 faizi məbləğin tətbiq olunmasının səbəbləri əsaslandırılmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə uyğun olaraq fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən:  Tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.5-ci maddə);  İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir (134.1.2-ci maddə). Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi (indiki Xaçmaz Gömrük İdarəsi) tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli, EP ******* (01400/01855) saylı inzibati tənbeh vermək haqqında qərarla X2 tətbiq edilmiş inzibati xətanın bilavasitə obyekti olan 20.000 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 10.000 manat cərimənin məbləği azaldılaraq 30 faizi - 6.000 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi (indiki Xaçmaz Gömrük İdarəsi) tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli, EP ******* (01400/01855) saylı inzibati tənbeh vermək haqqında qərarla X2 tətbiq edilmiş inzibati xətanın bilavasitə obyekti olan 20.000 (iyirmi min) manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 10.000 (on min) manat cərimənin məbləği azaldılaraq 30 faizi - 6.000 (altı min) manat məbləğində müəyyən edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar